QMİ sədri Əfqanıstan səfirini qəbul edib

QMİ sədri Əfqanıstan səfirini qəbul edib
# 12 aprel 2021 17:12 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Amanullah Ceyhunu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri A. Paşazadə Azərbaycanla Əfqanıstan arasında dostluq, qardaşlıq münasibətlərinin dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun yüksələn xətlə inkişafını məmnuniyyətlə qeyd edib. O, ölkəmizə yeni təyin olunmuş Əfqanıstan səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi və cənab səfirə fəaliyyətində xeyir-dualar diləyib.

Əfqanıstan dövlətinin şanlı Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstəyini və qardaş həmrəyliyini yüksək dəyərləndirən QMİ sədri Azərbaycanla Əfqanıstan arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələrin önəm kəsb etdiyinə və davamlı inkişaf etdirilməsinin vacib olduğuna diqqəti çəkib.

Səfir Amanullah Ceyhun Qafqazın, Azərbaycanın nüfuzlu dini lideri ilə görüşmək fürsətinə görə minnətdar olduğunu bildirib və Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həliminin səmimi salamlarını QMİ sədrinə yetirib.

Şeyxülislam Əfqanıstanın din rəsmilərinin QMİ tərəfindən keçirilən beynəlxalq tədbirlərdə hər zaman yaxından iştirakını məmnunluqla qeyd edib, hazırda bu əməkdaşlığın onlayn formatda davam etdirildiyini vurğulayaraq, pandemiya bitdikdən sonra bilavasitə görüşlərin davam edəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə 40 ildən artıq Şeyxülislam məqamında fəaliyyət göstərmiş A.Paşazadənin Sovetlər dönəmindən Əfqanıstanla dini-mənəvi əlaqələrin yaranmasında rolu xüsusi xatırlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində tarixən bağlılıqları olan Azərbaycanla Əfqanıstan arasında qardaşlıq münasibətlərinin və dövlətlərarası müstəvidə əlaqələrin inkişaf etdiyi dönəmdə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olduğundan məmnunluğunu ifadə edən səfir ölkələrimiz arasında İslami həmrəylik çərçivəsində dini-mənəvi əlaqələrin inkişafının prioritetlərdən olduğunu qeyd edib. Şeyxülislam A. Paşazadə səfirə bu istiqamətdə səylərinə görə təşəkkür edib.

QMİ sədri qarşıdan gələn Ramazan ayının Azərbaycan və Əfqanıstan xalqları, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar etdi, ən xoş arzularını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR