Vitse-spiker: “Kütləvi dini ayinlər yalnız ibadət yerlərində keçiriləcək”

#
# 13:47
23 aprel 2021

“Dini sahədə normativ hüquqi aktların zəruriliyi “Dini etiqad azadlığı haqqlnda” qanuna dəyişikliyi labüd edib. Bu qanun 90-cı illərdə qəbul edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

O bildirib ki, bu sahədə dövlətin, aidiyyəti qurumların hüquq və vəzifələri dəqiq şəkildə müəyyənləşəcək: “Əsrlər boyu Azərbaycanda dini tolerantlıq mühiti mövcud olub. Bu qanunla bu mühit daha da yaxşılaşacaq. Azərbaycanda elə insan var ki, dini dəyərlərimizin qorunmasının əleyhinə çıxsın? Bu qanunda kifayət qədər dəyişikliklər var. Biz bu məsələni iki komitədə müzakirə etmişik. Ciddi və ətraflı müzakirə təşkil edilib. Dini qurumların da nümayəndələri bu müzakirədə iştirak ediblər. Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin və Qafqaz Müsəlmanları idarəsinin nümayəndələri bu gün də iclasda iştirak edir”.

Onun sözlərinə görə, ayrı-ayrı dini cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır: “Bu qanunun qəbul olunması ilə bu kimi halların qarşısı alınacaq. Kütləvi dini ayin, ibadətlər yalnız məscidlərdə və ibadət yerlərində keçiriləcək. Digər yerlərdə isə yalnız icazə ilə bunu edə biləcəklər. Xarici ölkələrdə yerləşən din üçün müqəddəs hesab edilən yerlərdə dindarların iştirakı yalnız müvafiq icra hakimiyyəti qurumu tərəfindən təşkil ediləcək.  

Qanuna təklif edilən dəyişikliklə istənilən hərbçi xidmət keçdiyi hərbi hissənin rəhbərliyinə yaxınlaşaraq istəyini ifadə edə bilər - qaravul, qarnizon, döyüş xidməti istisna olmaqla. Yəni döyüş gedən bölgədə sən başını atıb namaz qıla bilməzsən”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR