Allahşükür Paşazadə Qroznıda Əhməd Kadırovun 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Allahşükür Paşazadə Qroznıda Əhməd Kadırovun 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
# 24 avqust 2021 16:09 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistan səfəri başa çatıb.

QMİ-dən APA-ya verilən məlumata görə, A. Paşazadə Qroznı şəhərində keçirilən bir sıra tədbirlərdə iştirak edib.

Şeyxülislam Çeçenistan imamı Şeyx Mansur adına məscidin açılış mərasiminə qatılıb. Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırovun iştirakı ilə keçirilən mərasimdən sonra QMİ sədri R. Kadırovla birlikdə camaat namazı qılıb.

Açılış mərasimindən sonra Çeçenistan Başçısı Şeyxülislamı və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - RF Şimali Qafqaz regionunun müftilərini öz iqamətgahında qəbul edib. A. Paşazadə qəbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında qazandığı tarixi zəfər, 30 illik erməni işğal zamanı Ermənistan tərəfindən əzəli Azərbaycan torpaqlarında törədilmiş misli görülməmiş vəhşiliklər, erməni işğalçıları tərəfindən barbarca dağıdılmış yaşayış məntəqələri, yerlə bir edilmiş, vandalizmə məruz qalmış məscidlər, ziyarətgahlar, kilsələr və digər ibadət yerləri, eləcə də azad edilmiş torpaqlarımızda hazırda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə geniş məlumat verib.

Daha sonra QMİ sədri Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Şeyxülislam tədbirdə fəxri qonaq qismində çıxış edib.

QMİ sədri Azərbaycanla RF Çeçenistan Respublikası arasında qardaşlıq və sıx əməkdaşlıq əlaqələrinin Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov tərəfindən uğurla inkişaf etdirildiyini bildirib.

A. Paşazadə səfər zamanı sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz regionunun müftiləri ilə Qroznı-siti otelində Şuranın iclasını da keçirib. Şeyxülislam hazırkı görüşün Azərbaycanın Vətən müharibəsində zəfər çalmasından sonra ilk görüş olduğunu, buna görə xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Şimali Qafqaz müftiləri öz çıxışlarında qardaş Azərbaycan xalqına və onun müdrik lideri İlham Əliyevə öz dərin ehtiramlarını bildiriblər. İclas iştirakçıları bildiriblər ki, Vətən müharibəsi əsnasında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə sevinib, dualar edib, ibadətlərində şəhid düşən Azərbaycan oğullarının ruhlarına Allah Taaladan rəhmət, qazilərimizə şəfa diləyiblər.

İclasda Qafqaz Xalqları Ali Dini Şurasının yaxın gələcək üçün fəaliyyət planı müzakirə edilib. Qafqaz xalqları arasında, o cümlədən, Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərinin qiymətli tarixi irs olduğu vurğulanıb, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini qeyd olunub. Pandemiya səbəbindən həyata keçirilməsi təxirə salınmış birgə planlarla bağlı hazırkı vəziyyəti müzakirə edilib və Şuranın növbəti iclasının Bakıda keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR