Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib

Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
# 19 avqust 2021 17:52 (UTC +04:00)

Avqustun 19-da Qafqaz Müsəlmanları İdarəsində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib.

İdarədə APA-ya bildirilib ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarə əməkdaşları, ölkədə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak edib.

Aşura günü münasibəti ilə Qafqaz müsəlmanları adından Azərbaycan müsəlmanlarına və dünya müsəlmanlarına başsağlığı verən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr, dəyanət arzulayıb, qazilərimizə şəfa diləyib.
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, İslam aləmində təziyə günü olan Aşuranı ölkəmiz müstəqillik əldə etdikdən bəri biz ilk dəfədir ki, qalib xalq kimi qeyd edirik. Öz milli-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan xalqı Allahın izni, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun yaxın silahdaşı Mehriban Əliyevanın qətiyyəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımızı erməni işğalından azad edib. 44 günlük Vətən savaşında tarixi qələbəmiz sayəsində əzəli ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, Şuşa və Ağdam məscidlərinin minarələrindən səslənən azan sədaları Ana Vətən yolunda şəhadətə yetənlərin mənəvi qələbəsini simvolizə edir.
Aşura günündə tibbi ehtiyacı olanlara qan vermək təşəbbüsünün cəmiyyətdə müsbət qarşılandığını xatırladan Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda yaşayan digər konfessiyaların təmsilçiləri də bu xeyirxah aksiyada yaxından iştirak edirlər. Bu amilin özü də ölkədə din-dövlət münasibətlərin yüksək səviyyədə, dünyaya örnək şəkildə qurulduğunun bariz nümunəsidir. Şeyxülislam qeyd edib ki, bu gün uğurla davam etdirilən bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.
Məhərrəmlik mərasimlərinin dünyada tüğyan edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyini vurğulayan Şeyxülislam dindarları Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyə, xalqımızı pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasında daha fəal iştirak etməyə çağırıb.
Mərasimdə Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin təmsilçisi Konstantin Pimonov, Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski iştirak ediblər.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Səhiyyə Nazirliyi ilə birgə keçirdiyi qanvermə aksiyası gün ərzində Bakıda və rayonlarda təşkil olunan məntəqələrdə davam edib. Toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR