QMİ sədri: “Azərbaycan vətəndaşları dinindən asılı olmayaraq, canlarını Vətən uğrunda fəda ediblər”

Allahşükür Paşazadə

© APA | Allahşükür Paşazadə

# 27 sentyabr 2021 09:38 (UTC +04:00)

"Xalqımızın tarixində Zəfər yolunun başlanğıcı sayılan 27 sentyabr - Anım gününü qeyd edirik. Azərbaycan torpağının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından 1 il ötür".

APA-nın məlumatına görə, bunu Təzə Pir məscidində şəhidlərin ruhuna qılınan namazdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün ayağa qalxıb, şərəfli vəzifəni həyata keçirib: "Vətən ərazisinin bərpası uğrunda qəhrəmanlıqla vuruşan ordu Ali Baş Komandanın rəhbərliyi ilə şanlı səhifə yazdı. Azərbaycan bayrağı əzəli torpaqlarımızda asıldı. Bu tarix hər bir azərbaycanlının şərəf, qürur günüdür. Azərbaycan xalqı 27 sentyabrda illərlə işğalda olan torpaqlarını azad etmək, sahib çıxmaq üçün haqq mübarizəsinə başlayıb. Azərbaycan vətəndaşları dinindən asılı olmayaraq canlarını fəda ediblər, bu gün onları rəhmət duaları ilə yad edirik, ailələrinə, doğmalarına başsağlığı veririk, qazilərə şəfa diləyirik. Dövlət rəhbərinin misilsiz rəhbərliyi ilə dünya azərbaycanlılarının 30 illik Vətən həsrətinə, ədalətsizliyə son qoyuldu, məscidlərimiz, dini məbədlərimiz geri qaytarıldı. Bu gün Azərbaycan xalqının əbədi, əzəli torpaqlarına geri qaytarılması, viran qalmış şəhər və kəndlərin bərpası üçün dövlət var gücü ilə çalışır.

Din xadimlərinə Ağdam, Şuşa səfərləri zaman viran qoyulan məscid və xristian məbədlərini görmək nə qədər ağır olsa da, yeni qurulan məscid və məbədləri görmək də o qədər fərəhlidir. Qardaş Türkiyə dövlətinin müharibədəki siyasi dəstəyi, dost yardımı, birgə imzalanan Şuşa Bəyannaməsi tarixdə qalacaq əsl qardaşlıq nümunəsidir. Vətən müharibəsində bizə dəstək olan dövlətlərə, bütün ictimai və dini təşkilatlara təşəkkür edirik. Dövlət başçısı Şuşada etdiyi tarixi çıxışında din xadimlərinin də Vətən müharibəsində xüsusi yeri olduğunu qeyd etdi. Bu gün Məhərrəm ayının 40-cı günü - ərbəin də qeyd olunur. İman, Vətən uğrunda şəhid olmağın yad edilməyi bu il ərbəin tarixinə təsadüf edir, Anım gününün bu gündə qeyd edilməsinin bir hikməti var. Kərbəla şəhidlərinə də, Vətən şəhidlərinə də Allah rəhmət eləsin. Ərazi bütövlüyümüz daimi olsun, Allah hər zaman xalqımıza yardımçı olsun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR