QMİ sədri Türkiyəyə başsağlığı məktubu göndərib

QMİ sədri Allahşükür Paşazadə

© APA | QMİ sədri Allahşükür Paşazadə

# 02 avqust 2021 15:05 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaşa başsağlığı məktubu göndərib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda deyilir:

“Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar bizi hədsiz sarsıtdı. Azərbaycan və Qafqaz müsəlmanları adından cənabınızın şəxsində bütün qardaş türk xalqına, yanğınlarda həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara rəhmət, yaralılara şəfa diləyirəm.

Türkiyə Cümhuriyyətinin müdrik dövlət rəhbəri Rəcəb Tayyib Ərdoğan həzrətlərinin rəhbərliyi ilə atılan qətiyyətli addımlar sayəsində qüdrətli Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcək, inşallah!

Hər zaman olduğu kimi, bu çətin günlərdə də Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanındadır”.

Məktubda qeyd olunub ki, bu günlərdə Azərbaycan məscidlərində qardaş Türkiyə dövlətinin yanğınlarla bağlı bu sınaqdan da tezliklə qurtulması üçün dualar edilir.

“Fəlakətin nəticələrinin aradan qaldırılmasında müvafiq qurumlarımızın öz qardaşları ilə çiyin-çiyinə mübarizə aparması qürurvericidir. Əminəm ki, birgə səylərimiz öz nəticəsini verəcək inşallah!

Bir daha Sizə həlak olanlarla bağlı dərin hüznlə başsağlığımızı ifadə edirəm. Allah-Təala qardaş ölkələrimiz və xalqlarımızı hər zaman qalib qərar versin, təxribat və bəlalardan hifz etsin, Amin!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR