QMİ sədri "Vicdana çağırış" Fondunun prezidenti ilə videoformatda görüşüb

QMİ sədri "Vicdana çağırış" Fondunun prezidenti ilə videoformatda görüşüb

© APA | QMİ sədri Allahşükür Paşazadə

# 22 iyun 2021 15:54 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın nüfuzlu “Vicdana çağırış” Fondunun prezidenti Ravvin Artur Şnayerlə videoformatda görüşüb.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri və Fondun rəhbəri arasında onilliklərlə davam edən dostluq və əməkdaşlıq münasibətləri ruhunda səmimi şəraitdə baş tutan onlayn görüş zamanı müasir dövrdə dinlərarası dialoqa dair bir sıra məsələlərə toxunulub. 

Dünya müstəvisində dinlərarası dialoqun yeni reallıq və çağırışları, perspektiv və imkanları müzakirə olunub.

Ravvin A. Şnayer Azərbaycanın qalibiyyətli Vətən müharibəsinə toxunaraq, bölgədə sülhün bərqərar olunmasını böyük nailiyyət kimi təqdir edib. Zamanında bu münaqişənin sülh yolu ilə həllini tapması üçün Şeyxülislam A. Paşazadə ilə birgə səylərini xatırlayan Ravvin A.Şnayer, rəhbərlik etdiyi Fondun yerləşdiyi Nyu-York şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük rəğbətlə yada salıb.

Dini liderlər olaraq, həm özünün, həm Şeyxülislam A. Paşazadənin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhə xidmət olduğunu vurğulayan Ravvin A. Şnayer bundan sonra da Azərbaycan və Ermənistan dini liderləri arasında dialoq müstəvisinin davam etməsinin vacibliyinə diqqəti çəkib. Bu istiqamətdə hər zaman vasitəçi olmağa hazır olduğunu bildirən və bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edən Ravvin A. Şnayer dünyada, bölgədə əmniyyət və sabitlik üçün belə dialoqların zəruri olduğuna diqqəti çəkib.

QMİ sədri A. Paşazadə, öz növbəsində, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri, dini məbədlərə - məscidlər və kilsələrə qarşı dağıntı və həqarət faktlarının miqyası barədə həmsöhbətini ətraflı məlumatlandırıb. Dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların tezliklə bərpası ilə bağlı nəzərdə tutulan genişmiqyaslı quruculuq işləri barədə Azərbaycan dövlət başçının qətiyyətli iradəsinə istinad edərək QMİ sədri A. Paşazadə əminliyini bildirib ki, ən qısa zamanda Azərbaycanın azad olunmuş Qarabağ torpaqları öz yeni, gözəl görkəmi ilə yenidən canlanacaq. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, Zati-aliləri Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin hamisi olduğuna, xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir. QMİ sədri azad edilmiş ərazilərdə məscidlərlə yanaşı xristian və yəhudi dini-mənəvi abidələrinə diqqət ayrılmasının Azərbaycanın dünyadakı tolerant imicinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən olmasının daha bir təsdiqidir.    

Videogörüş çərçivəsində ünsiyyətə görə təşəkkürünü bildirən Fond prezidenti A. Şnayer, öz növbəsində, Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini qeyd edib. “Vicdana çağırış” Fondunun prezidenti Ravvin Artur Şnayer səmimi salamlarını Azərbaycanın möhtərəm dövlət rəhbərinə yetirməyi QMİ sədrindən xahiş edib. Ravvin A. Şnayer Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin payızda baş tutacaq BMT sessiyasına təşrif buyuracağı təqdirdə onunla Nyu-Yorkda görüşmək niyyətini ifadə edib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR