Ramiz Mirzəyev: “Nə Azərbaycan millisi İrəvana gedəcək, nə də Ermənistan yığması Bakıya gələcək”

Ramiz Mirzəyev: “Nə Azərbaycan millisi İrəvana gedəcək, nə də Ermənistan yığması Bakıya gələcək”
# 12 fevral 2007 16:36 (UTC +04:00)
“Nə Azərbaycan millisi İrəvana gedəcək, nə də Ermənistan yığması Bakıya gələcək. Biz bu məsələ ilə bağlı rəsmi fikrimizi bildirmişik və beynəlxalq futbol qurumlarına məsələnin əsl mahiyyətini izah etmişik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyev bildirib. AFFA-nın rəsmi internet saytının təşkil etdiyi foruma qatılanların suallarını cavablandıraran R.Mirzəyev Ermənistan yığması ilə oyunlarla bağlı mətbuat konfransı təşkil etməyə və Azərbaycan - Ermənistan görüşləri barədə yenidən açıqlama verməyə lüzum olmadığını vurğulayıb: “Bizim bu məsələ ilə bağlı mövqeyimiz bəlli və dəyişməzdir. İlk gündən bu oyunların neytral meydanda keçirilməsini qərara almışıq”. Zaur Tağızadə və Rəşad Sadıqov kimi futbolçuların milli komandadan kənarda qalmasının baş məşqçinin qərarı olduğunu söyləyən R. Mirzəyev yığmamızda digər xalqların nümayəndələrinin də yer almasını Azərbaycanın beynəlmiləl ölkə olması və yerli futbolçuların bir çoxunun səviyyəsinin yüksək olmaması ilə əlaqələndirib. Federasiya başçısının fikrincə, bəzi klublarımız legioner limitinin çox artırılmasında maraqlıdırlar: “AFFA-nın son konfransında legioner limiti ilə bağlı qəbul olunan qərar məhz bu zərurətdən irəli gəlib. Yerli futbolçular çıxış etdikləri klubların heyətində daha çox ehtiyatda qaldıqlarından, milliyə çağırılan zaman oyun praktikasının azlığından əziyyət çəkirlər. Legioner limitinin yeni qaydalara uyğun tətbiqində məqsəd yerli futbolçulara daha çox oynamaq imkanı yaratmaqdır”. AFFA-nın prezidenti yığmamızın baş məşqçisi Şahin Diniyevin düzgün yolda olduğunu və öz proqramını həyata keçirmək üçün zamana ehtiyac duyduğunu qeyd edib. R. Mirzəyev gələcəkdə milli çempionatımızda çıxış edən klubların sayını 12-yə endirmək istədiklərini vurğulayıb. O, yerli futbolçuların ölkə xaricində çıxış etməmələrinin səbəbini yerli klubların onlara dəyərlərindən artıq məbləğdə vəsait xərcləməsi ilə əlaqələndirib: “Çalışırıq ki, azərbaycanlı futbolçular ölkə xaricində çıxış etsinlər. Təəssüf ki, yerli klublar böyük məbləğdə vəsait xərclədiyindən, futbolçular karyeralarını xarici klublarda davam etdirmək istəmirlər. Bunun əsas səbəbi isə klublarımızın futbolçulara dəyərindən artıq pul verməsidir”. R.Mirzəyev “Şəfa” stadionunun uzun müddətə icarəyə verilməsinə də aydınlıq gətirib: “Burada hansısa qanun pozuntusuna yol verilməyib. “Şəfa”nın icarəyə verilməsi beynəlxalq futbol qurumları ilə də razılaşdırılıb. Bu məsələdə qeyri-qanuni nə isə axtarmağa dəyməz”. Baş katib Fuad Əsədovun fəaliyyətinə toxunan R. Mirzəyev onun idman sahəsində müəyyən təcrübəyə malik olduğunu söyləyib: “Gənclik illərində futbolla məşğul olub, bir neçə komandanın heyətində çıxış edib. Onun futbol sahəsindəki fəaliyyəti barədə geniş danışmağa ehtiyac yoxdur. Hazırda AFFA-nın baş katibidir. Ümumiyyətlə, beynəlxalq futbol qurumlarının strukturu belədir ki, prezidentin və İcraiyyə Komitəsinin verdiyi qərarlar katiblik tərəfindən həyata keçirilir. AFFA-nın da Nizamnaməsi FİFA və UEFA-nın mövcud qanunları ilə uzlaşır. Yəni, Fuad Əsədov Nizamnaməyə uyğun olaraq üzərinə düşən vəzifəni icra edir”. AFFA prezidenti Mişel Platininin UEFA prezidenti seçilməsinin Azərbaycan futboluna nə kimi təsir edəcəyini isə zamanın öhdəsinə buraxıb: “Ümidvaram ki, Azərbaycan futbolunun inkişaf tempi yüksələn xətt üzrə davam edəcək”. AFFA prezidenti ölkəmizin futbol təsərrüfatının gəlir vergisindən azad olunması ilə bağlı dövlət qurumları qarşısında iki dəfə məsələ qaldırdıqlarını, lakin hələ konkret nəticənin əldə olunmadığını söyləyib. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR