Azad Rəhimov: “Ermənistanla oyunlar yalnız və yalnız neytral meydanda keçirilə bilər”

Azad Rəhimov: “Ermənistanla oyunlar yalnız və yalnız neytral meydanda keçirilə bilər”
# 06 mart 2007 08:54 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimovun “APA-Sport” Agentliyinə müsahibəsi

- Azərbaycan və Ermənistanın futbol yığmaları arasında sentyabrda keçirilməli olan oyunların yeri ilə bağlı məsələdə hansı yeniliklər var?
- Azərbaycanın bir milyondan çox qaçqın və köçkünü var. Qaçqınlardan kiminsə valideyni, qardaşı, ana-bacısı ermənilər tərəfindən öldürülüb. Onların gözləri qarşısında belə bir kütləvi tədbir keçirərkən, heç bir təminat verə bilmərik ki, kimsə meydançaya girib, erməni futbolçularını vurmayacaq, döyüb-öldürməyəcək. Torpaqlarımızın 20 faizini işğal edən bir ölkənin bayrağını qaldırıb, himnini səsləndirə bilmərik. Bu, bizim qəti fikrimizdir. Azərbaycan və Ermənistan yığmaları arasında oyunun nə Bakıda, nə də İrəvanda keçirilməsinə razıyıq. Bunu istəmirik və razılaşmayacağıq. Azərbaycan UEFA-ya mövqeyini bildirib. Oyunlar yalnız və yalnız neytral meydanda keçirilə bilər.
- Neytral meydanda problem yaranmaz ki?..
- Müharibə vəziyyətində olan ölkələr arasında oyunların neytral meydanda keçirilməsi hallarına dəfələrlə rast gəlinib. UEFA Azərbaycan və Ermənistan yığmalarının oyunlarının Bakı və İrəvanda keçirilməsinin vacibliyini bildirsə, bizə 0:3 hesablı texniki məğlubiyyət də verə bilər. Biz buna da hazırıq. İsveçrədə olarkən, UEFA-nın vitse-prezidenti, qitə futbol qurumunun Azərbaycan və Ermənistan milliləri arasında görüşlərin keçirilməsi ilə bağlı yaratdığı komissiyanın sədrinə sual verdim ki, Bakıda ermənilərə atılan daş onların gözünü çıxarsa, buna görə Azərbaycana qarşı sanksiya tətbiq edəcəksiniz? O da dedi ki, bəli. Mən də bildirdim ki, bəs nə istəyirsiniz? İstəyirsiniz ki, aeroportdan stadiona və ya mehmanxanayadək polis, yaxud əsgər düzək? Belə olan halda, hansı futboldan, futbol bayramından danışmaq olar? Necə təsəvvür etmək olar ki, düşmənlərimiz avtobusa minib təhlükəsiz şəraitdə mehmanxanaya doğru getsinlər? Bu gün Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedir. Futbol matçı zamanı Bakıda baş verəcək hər hansı hadisə danışıqlar prosesinə də mənfi təsir göstərə bilər. Bu sual da UEFA rəsmiləri qarşısında qoyulub ki, hər hansı hadisəyə görə, danışıqlar prosesinin pozulmayacağına təminat verə bilərlərmi? Hələlik cavab ala bilməmişik.
- Bəs, Azərbaycanla Ermənistan arasında oyunun Bakıda azarkeşsiz keçirilməsi təklifinə necə yanaşırsınız?
- Mənim göstərdiyim faktorların heç də hamısı azarkeşlərlə bağlı deyil. Mən hələ Ermənistanın bayrağının qaldırılıb, himninin səsləndirilməsi, uşaqların erməni futbolçularının əlindən tutub meydana çıxmalarını demirəm. Uzağa getməyək, nazirliyimizin yanındakı yataqxanalarda xeyli qaçqın ailəsi məskunlaşıb. Hasarın digər tərəfində ermənilərin futbol oynadığını bilən qaçqınlar sakit daya bilərlərmi? Burada zəmanət məsələləri var və bunlar çox ciddi məsələlərdir.
- Bəs nə üçün sentyabrda Bakıda keçiriləcək güləş üzrə dünya çempionatında ermənilərin iştirakı ilə razılaşmısınız?
- Ermənistanın güclü güləşçiləri yoxdur. Yığma komandalarına Osetiyadan 5 güləşçi götürüblər. Onlar da gəlib Bakıda çıxış edəcəklər. Məlum səbəbdən Bakıya Ermənistandan azarkeş gəlməyəcək, güləş populyar idman növlərindən deyil. Bütün bu amilləri nəzərə alıb, erməni güləşçilərinin Bakıya gəlişinə icazə vermişik. İdman-Konsert Kompleksində keçiriləcək dünya çempionatında iştirak edəcək bir necə erməninin təhlükəsizliyinə təminat vermək olar.
- Rusiyanın güləş üzrə yığmasındakı ermənilərin də Bakıya gəlmək istəmədikləri ortaya çıxıb...
- Gəlmirlər, gəlməsinlər. Boks üzrə Dünya Kubokuna da gəlmək istəməmişdilər. Nə edək? Qorxurlar, ona görə də gəlmirlər. Ötən il Moskvada keçirilən “Birlik kuboku” turnirində futbol üzrə Ermənistan çempionu “Pünik” “Neftçi” ilə oynamaqdan imtina etdi. Dedilər ki, Rusiya Federasiyası onlara zəmanət vermir. Bilmirəm, nə zəmanət gözləyirdilər? Qorxularından çıxıb oyunlarını keçirmədilər.
- Ermənilərlə görüşlərin Avstriya, İsveçrə və Ukraynada keçirməyə hazır olduğunuzu bildirmisiniz. Həmin ölkələrlə ilkin danışıqlar olubmu?
- Oyunları neytral meydanda keçirilməsinin vacibliyini bildirərkən, AFFA bu məqsədlə UEFA-ya üzv olan digər ölkələrin futbol federasiyalarına müraciət edib. 50 ölkənin milli assosiasiyasının yarıdan çoxu bu oyunları təşkil etməyə hazır olduğunu bildirib. AFFA da 3 ölkəni seçib. Mənə elə gəlir ki, bu, doğru seçimdir.
- Gənclər və İdman Nazirliyi Bakının Olimpiada təşkil etmək istəyinin reallaşacağı halda, paytaxtda 70 min tamaşaçı tutumuna malik stadionun tikiləcəyini bəyan edib. Stadionun tikintisi üçün münasib əraziləri müəyyənləşdirmisiniz?
- Hava limanına gedən yolun ətrafında xeyli boş ərazi var. Orada nəinki stadion, hətta Olimpiya şəhərciyi tikmək olar. Bundan başqa, Hövsanda və Nobel prospektində, köhnə Qara Qarayev adına zavodun ərazisində münasib yer var. Amma bu gün əsas məqsədimiz 2016-cı il Yay Olimpiya Oyunlarını təşkil etmək istəyənlər arasından seçilib ikinci mərhələyə çıxmaqdır.
- Yeri gəlmişkən, bu istiqamətdə hansı işlər görülür?
- Biz bütün lazımi sənədləri vaxtında təqdim edəcəyik. İşlər gedir. Müxtəlif nazirliklər tərəfindən verilən arayışların bizə böyük köməyi olur.
- Futbol üzrə milli komandamıza əcnəbilərin kütləvi şəkildə cəlb olunma prosesi gedir. Qarşıda Ermənistanla vacib oyunların durduğunu nəzərə aldıqda, əcnəbilərin Azərbaycan yığmasında ürəklə oynayacağına necə ümid etmək olar?
- İlk növbədə, bu, milli komandamızın baş məşqçisinin seçimi, strategiyasıdır. Nazirlik olaraq, biz buna müdaxilə edə, baş məşqçinin planlarını dəyişdirə bilmərik. İndiki mərhələdə əcnəbilər Azərbaycan futboluna lazımdır. Ona görə ki, futbola tamaşaçıların cəlb edilməsi, bu idman növünün ölkəmizdə daha da populyarlaşması üçün bizə gözəl oyun lazımdır. Təəssüflər olsun ki, hazırda klublarımızda çıxış edən yerli futbolçular gözəl oyun göstərə bilmirlər. Ona görə də ilkin mərhələdə əcnəbiləri cəlb etmək mümkündür. Dünya təcrübəsinə baxsaq, aparıcı ölkələrin futbol yığmalarında da belə hallara rast gəlmək olar. Əcnəbilər oynayırlar, udurlar, stadionlara tamaşaçılar axışmağa başlayır. Nəticədə tribunalarda boş yer qalmır. Futbola maraq artanda uşaqlar da bu idman növü ilə məşğul olmağa can atırlar. Görürsünüz, artıq aşağı yaş qrupları üzrə yığma komandalarımız necə gözəl oyun nümayiş etdirirlər? Bu da futbolun pillə-pillə inkişafına xidmət edir. Əcnəbilərin milliyə can qoyub-qoymayacağına gəldikdə, onlar, sözsüz ki, azərbaycanlı kimi meydançada fədakarlıq etməyəcəklər. Amma maaş alırlar, gözəl futbol nümayiş etdirirlər. Ola bilsin, bu amillərə görə ortaya nə isə qoymaq mümkün olsun.
- Axı əcnəbilərin cəlb olunmasından sonra da milli komandamızın nəticələrində irəliləyiş gözə dəymir...
- Dünyanın ən titullu klubu olan “Real”ın heyətində cəmi iki səviyyəli ispan futbolçu var, biri qapıçı İker Kasilyas, digəri isə hücumçu Raul Qonsalesdir. Amma “Real” bütün dünyada ispan klubu kimi məşhurdur. Azərbaycan yığmasındakı əcnəbilər də doğulduqları yox, şərəfini qoruduqları ölkəmizin adından çıxış edirlər.
- Klublarımızda legionerlərin sayına 3+2 limiti qoyulduğu halda, millinin start heyətində 6 əcnəbinin çıxış etməsi nə dərəcədə məntiqəuyğundur?
- Biz AFFA-ya təklif etmişik ki, limit məsələsi qarşıdakı konfransda müzakirəyə çıxarılsın. Ona görə ki, klublardan gələn şikayətlər və iradlara yenidən baxılmalıdır. Bu məsələni futbol ictimaiyyəti qarşısında müzakirəyə çıxarmaq AFFA-nın səlahiyyətindədir. Biz öz sözümüzü demişik. Klubların da legioner limiti ilə bağlı təklifləri varsa, yaxşı olardı ki, yenidən konfrans keçirilsin. Konkret olaraq, aprelin 26-da keçiriləcək konfransda bu məsələyə yenidən baxılacaq.
- İlin sonunda AFFA rəhbərliyinə yeni seçki keçirilməlidir. Federasiyanın əvvəlki rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi arasında problemlərin yarandığını nəzərə alsaq, hazırkı assosiasiya rəhbərliyinin fəaliyyətini necə dəyərləndirirsiniz?
- AFFA-nın əvvəlki rəhbərliyinin nazirliklə yox, bütün Azərbaycanla problemi var idi. Hazırda isə işlər gedir. Azərbaycan futbolu AFFA-ya həvalə olunub. Onlar da işlərini müəyyən təhlillər aparmaqla görürlər. Qiyməti isə mən verə bilmərəm. Qiyməti oyunlarda qazanılan qələbələrə əsasən vermək olar. Biz də bunu gözləyirik. Şəxsən mən bu fikirdəyəm ki, futbolun inkişafı üçün bir, iki və ya üç il yetərli deyil. Bunun üçün on illər lazımdır.
- Bildiyimizə görə, milli federasiyalara rəhbərliyin dövlət rəsmilərindən iş adamlarına keçmə prosesi başlanacaq. Sizə elə gəlmirmi ki, federasiyaların tam müstəqilliyini təmin etmək üçün bu proses sürətlənməlidir?
- İlk növbədə, bildirməliyəm ki, federasiyalarımız tam müstəqildir. Əgər federasiya rəhbəri hansısa dövlət orqanında işləyən bir şəxsdirsə, bu, o demək deyil ki, həmin idman qurumu müstəqil deyil. Azərbaycanda idman maliyyə baxımından divident gətirən bir sahə deyil. İdmançılar kifayət qədər maaş almırlar, dünyanın digər klublarında çıxış edib onlarla müqavilə qarşılığında böyük məbləğdə vəsait əldə edə bilmirlər. Telekanallar hər hansı yarışın yayım hüququnu böyük məbləğdə vəsaitə alsalar da, həmin pulu reklamdan çıxara bilmirlər. İdmançılarımızın dünya miqyasında tanınmış iri şirkətlərlə müqavilələri yoxdur ki, oradan pul qazansınlar. Hazırkı mərhələdə Azərbaycanda idman pul gətirən sahə deyil. İdmana bu gün pul xərcləyirik ki, gələcəkdə onu qaytara bilək. Buna görə də indi idmançıların iş, ev, ailə, formalarını saxlamaq baxımından, çoxlu problemi ola bilər. Bu problemləri kimsə həll etməlidir. Gənclər və İdman Nazirliyi imkan daxilində üzərinə düşən vəzifələri çərçivəsində maliyyə məsələlərini həll edir. Yüksək vəzifəli dövlət məmurlarının imkanları daha çoxdur. Söhbət maliyyədən getmir. Yəni böyük nazirliyə rəhbərlik etdiklərindən, ora idmançıları işə götürmək, onun üçün şərait yaratmaq, hətta bəzi hallarda idmançının müalicə məsələlərini həll etmək olar. Ona görə də idman növləri bizim dövlət məmurları arasında bölünüb.
- Qılıncoynatma Federasiyasında boş qalan prezident postuna nə vaxt seçki keçiriləcək?
- Bu gün biz bir nəfər tapa bilmirik ki, bu federasiyaya prezident seçək. Elə bir şəxs ki, qılıncoynatmada olan problemlərin həlli ilə məşğul olsun. Bu növ üzrə bəzi məsələlər dövlət, Milli Məclis və ya hansısa nazirlik qarşısında qaldırılmalıdır. Hazırda belə bir şəxs idmançı, biznesmen, məmur tapılmayıb. Biz biznesmenlərə də, dövlət məmurlarına da təkliflərimizi vermişik. Kiminin işi çoxdur, kimi başqa istiqamətdə işlərini qurmaq istəyir. Amma kimsə tapılmalıdır.
- Sərbəst güləş və otüstü hokkey üzrə federasiyalara eyni şəxs rəhbərlik edir. Hər iki növ üzrə Azərbaycanın qarşıdakı Olimpiadada təmsil olunmaq imkanlarını nəzərə aldıqda, iki sahəyə diqqət ayırmaq çətinlik yaratmayacaq ki?
- Vergilər naziri Fazil Məmmədov hər iki federasiyanın prezidentidir. Amma bizdə olan məlumata görə, Vergilər Nazirliyində nazir və müavini arasında bölgü aparılıb. Yəni sərbəst güləşlə Fazil Məmmədov, otüstü hokkeylə isə onun müavini Namiq Əliyev məşğul olur. Bu bölgü faktiki aparılıb. “De-yure” isə Fazil müəllim iki federasiyanın prezidentidir. Bu, qanunla qadağan olunmayıb və “de-yure” bölgüyə heç bir səbəb görmürəm.
- Qeyri-Olimpiya növlərinə göstərilən diqqət Olimpiya növlərindən fərqlənir. Bu fərqin kökündə qeyri-olimpiya növlərinin o qədər də populyar olmamasımı durur?
- Niyə? Məsələn, karate futboldan sonra Azərbaycanda və dünya miqyasında bəlkə də ikinci populyar idman növüdür. Demək olmaz ki, karate diqqətdən kənarda qalıb və ona heç bir diqqət yetirilmir. Bu yaxınlarda 15-dək karate federasiyası birləşərək, Şura yaratmışdı. Şuraya nazirliyimiz tərəfindən maliyyə ayrılıb. Şuraya tapşırılıb ki, fəxri adlarla, məşqçilərin kateqoriyaları, xarici pasport, idmançıların hərbi xidmət məsələləri və harasa ezam olunmaları və ya müalicəyə göndərilmələri barədə nazirliyimizə müraciət etsinlər. Sambo idman növü keçmiş SSRİ dönəmində yaradılıb. Hazırda bütün dünyada populyarlığını itirməkdədir. Amma biz Azərbaycan Sambo Federasiyasına, samboçularımıza hər cür köməklik göstəririk. Şahmatçılarımıza, kikboksçularımıza, pauerliftinqçilərimizə böyük kömək göstəririk. Bodibildinq üzrə Avropa çempionatı mayda Bakıda keçirilməlidir. Biz bu yarışa çox ciddi yanaşırıq, maliyyə, təşkilati işlərdə köməklik göstəririk. Sözsüz ki, Olimpiya növlərinə yönəldilən vəsaitlə qeyri-Olimpiya növlərinə ayrılan vəsait arasında fərq var. Ona görə ki, Olimpiya idman növləri bizim ölkə üçün xeyli əhəmiyyətə malikdir.
- Şahmatçımız Teymur Rəcəbovun Meksikada keçirilən turnirdə üzləşdiyi haqsızlıqla bağlı hansısa tədbir görmüsünüzmü?
- Xarici İşlər Nazirliyi vasitəsilə Meksikanın Türkiyədəki səfiri Azərbaycanın Türkiyədəki səfirliyinə dəvət olunub. Ona Rəcəbovun qarət olunduğu Meksikanın Patsuaro şəhərinin əlaqədar strukturlarının bu hadisəni qeydiyyata salmamaları ilə bağlı etiraz bildirilib. Patsuaro şəhərinin meri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovu qəbul edərək, kompensasiya kimi kompüter verib. Faiq müəllimə bildirilib ki, hazırda bu məsələ üzərində polis işləyir. Ona qəti söz verilib ki, soyğunçular mütləq tapılacaq. Bundan başqa, biz Beynəlxalq Şahmat Federasiyasına da məktub yazaraq etirazımızı bildirmişik. Sual da qoymuşuq ki, əgər, dünyanın belə bir tanınmış, çox yüksək səviyyəli idmançısının iştirak etmədiyi turniri bəlkə ayrı vaxta keçirək? Hələ FİDE tərəfindən cavab gəlməsə də, biz bu işlə ciddi məşğuluq.
- Regionlarda tikilən Olimpiya Komplekslərində idmanla məşğuliyyət o qədər də yüksək səviyyədə təşkil olunmayıb. Belə faktlara adekvat olaraq, hansı addımı atmağı planlaşdırırsınız?
- Hazırda mövcud olan Olimpiya komplekslərindən Gəncə şəhərindəkində çox gözəl iş təşkil olunub. Orada zal bir dəqiqə də boş qalmır. Daim məşqlər, yarışlar keçirilir, pullu və pulsuz seksiyalar təşkil olunur. Quba Olimpiya Kompleksində də tez-tez yarışlar keçirilir. Orada da idmanla məşğuliyyət üçün şərait gözəldir. Şəki Olimpiya Kompleksində hazırda təmir işləri görülür. Zaqataladakında işlər öz axarı ilə davam edir, Şamaxıdakında bir balaca işlər zəifdir, canlanma yoxdur. Biz bunun üzərində işləyirik. İstərdim ki, Maştağa Olimpiya Kompleksində yarışlar daha tez-tez keçirilsin və daha çox uşaq cəlb olunsun. Yəni hər bir regionda idmanla məşğuliyyət səviyyəsi müxtəlifdir. Bunun da müxtəlif səbəbləri var. Məsələn, Olimpiya Kompleksi şəhərə yaxın ərazidə olmalıdır. Uşaqlar ora avtobusla, nəqliyyatla getməməlidirlər. Elə bir ərazidə yerləşməlidir ki, piyada gedib çatmaq imkanları da olsun. Bəzi regionlarda qeyri-Olimpiya növləri daha populyar olduğundan, Olimpiya Kompleksində məşğuliyyət səviyyəsi xeyli aşağıdır. Yaxud elə regionlar var ki, orada maliyyə sarıdan problemlər olduğundan, Olimpiya Kompleksinin ştat vahidi kifayət qədər doldurulmayıb. Bir sözlə, hər yerdə problemlər var. Hazırda biz bunun üzərində işləyirik. Təklif var ki, bizim nazirlik tərəfindən bütün obyektlərə pulsuz lisenziya verilsin. Bu isə GİN-in hansısa Olimpiya Kompleksində keçirilən tədbirlərdən xəbər tutmasını təmin edəcək. Bu komplekslər, ilk növbədə, idman qurumu olduqlarından, federasiya və nazirliyimizlə sıx əlaqədə olmalı, əməkdaşlıq etməlidir.
- Bir problem də var ki, hansısa idman növü ilə məşğul olmaq istəyən azyaşlı maliyyə imkanı olmadığına görə kompleksə buraxılmır...
- Biz bu məsələni qəti qoymuşuq ki, yığma komandalar üçün saatlar, günlər ayrılmalıdır. Əgər təqvim planlarında hansısa regionlarımızda yarış və ya təlim-məşq toplantısı təşkil etmək nəzərdə tutulubsa, həmin kompleksdə pulsuz məşq etməli və ya yarış keçirməlidir. Bununla yanaşı, hər bir kompleksdə imkansız uşaqlar üçün pulsuz seksiyalar yaradılmalıdır. Həftədə iki və ya üç dəfə iki saatlıq pulsuz seksiya təşkil etmək bütün sutka boyu işləyən kompleksin maliyyə durumuna heç bir ciddi təsir edə bilməz. Əgər kompleks işləyirsə, qazanırsa, həftədə 6-8 saatı pulsuz məşğuliyyətə ayırmaqla ziyana düşməz. İşləməyən kompleksdə isə pullu və ya pulsuz seksiyanın açılmasının fərqi yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR