Maliyyə problemi ilə üzləşən “Gənclərbirliyi” “Xəzər-Lənkəran”la oyunu buraxa bilər

Maliyyə problemi ilə üzləşən “Gənclərbirliyi” “Xəzər-Lənkəran”la oyunu buraxa bilər
# 28 mart 2007 13:49 (UTC +04:00)
“Gənclərbirliyi” klubu Azərbaycan çempionatının növbəti turunda aprelin 3-də Lənkəranda “Xəzər-Lənkəran” ilə keçiriləcək oyuna yollanmaya bilər. Bu haqda “APA-Sport” agentliyinə “Gənclərbirliyi” klubunun mətbuat katibi Fərhad Həsənov məlumat verib. Onun sözlərinə görə, komanda maliyyə probleminə görə, Lənkərandakı görüşün iştirakçısı olmamaq təhlükəsi ilə üzləşib: “Klub prezidenti İlqar Nuriyevin artıq maliyyə vəsaiti tükənib. Nuriyev Novruz bayramı öncəsi futbolçuların məvacibini verdikdən sonra maliyyə problemləri ucbatından komandanın “Xəzər-Lənkəran”la oyuna gedə bilməyəcəyini istisna etməyib. Lənkərana görüşdən bir gün əvvəl getmək lazımdır və səfər xərcləri az maliyyə vəsaiti təşkil etmir. Klub prezidentinin kommersiya işlərində müsbət dəyişiklər olmazsa, Lənkərana yollanmayacağımız gözlənilir”. F.Həsənov bildirib ki, AFFA-ya bununla bağlı rəsmi müraciət etməyə hazırlaşırlar. Klubun mətbuat katibi göndərəcəkləri məktubda federasiyanı üzləşdikləri çətinliklər haqda məlumatlandırmaq fikrindədirlər: “Hazırkı vəziyyətimizlə bağlı AFFA-nın məlumatlandırmalıyıq. Məlum olduğu kimi, Lənkərandakı oyunun iştirakçısı olmasaq, texniki məğlubiyyət alacağıq. Biz AFFA-ya müraciətimizdə “Xəzər-Lənkəran” ilə oyunumuzun təxirə salınmasına çalışacağıq. Əgər AFFA buna razılıq verməsə, heç olmasa klubumuza maddi sanksiya tətbiq edilməməyini müraciətimizdə əks etdirəcəyik”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR