Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 2 gümüş və 2 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 2 gümüş və 2 bürünc medal qazanıblar
# 23 fevral 2020 21:57 (UTC +04:00)

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışı başa çatıb.

Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin 5 üzvü tatamı üzərinə çıxıb.

İlk iki gündə cəmi bir medal qazanan yığmamız hesabına daha 3 mükafat əlavə edib. Finala yüksələn İrina Kindzerska (+78 kq) və Elmar Qasımov (100 kq) uğurlu seriyanı davam etdirə bilməyiblər. Onlar gümüş medalla kifayətləniblər. Bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanan Məmmədəli Mehdiyev (90 kq) də uduzub. Zelim Kotsoyev (100 kq) isə qalib gələrək, 3-cü yerdə qərarlaşıb.

Qandimaa Endenebileq (Monqolustan), Sara Alvares (İspaniya), Beatris Souza (Braziliya) və Vanessa Hortens Mballa Atanqana (Kamerun) üzərində qələbələr qazanan milliləşən legioner həlledici qarşılaşmada yaponiyalı Sara Asahina ilə görüşüb. Asiyalı ilə dueldə məğlubiyyətə üzülən Kindzerska gümüş medala sahib olub.

Gürcüstanlı Niazi Diasamidze, kanadalı Kile Reyes, irlandiyalı Bencamin Fletçer və portuqaliyalı Jorj Fonsekaya qalib gələn Qasimov finalda Muhamadkarim Xurramovla (Özbəkistan) güləşib. Rəqib qızıl medal uğrunda görüşdə həmyerlimizdən güclü olub.

Eyni çəkidə çıxış edən Zelim Kotsoyevin 1/4 finalda yolunu da məhz bu idmançı kəsib. Bunadək Filip Qalandi (Almaniya) və Qriqori Minaşkinə (Estoniya) qalib gələn cüdoçu məğlubiyyətdən sonra təsəlliverici qarşılaşmada Giorgi Çikovani (Gürcüstan) üzərində qələbə qazanıb. Milliləşən legionerin bürünc medal uğrunda rəqibi Jorj Fonseka (Portuqaliya) olub. Kotsoyev bu görüşdən də üstün ayrılaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Məmmədəli Mehdiyev medal şansını son qarşılaşmada əldən verib. Niderlandlı Yesper Smink, isveçli Markus Niman və yaponiyalı Şoiçiro Mukai üzərində qələbələr qazanan təmsilçimiz yarımfinalda Ukrayna təmsilçisi Odedjau Nhabalıyə məğlub olub. Mehdiyev bürünc uğrunda dueldə gürcüstanlı Beka Qvinaşvili ilə bacarmayıb.

Uşanqi Kokauri (+100 kq) ilk qarşılaşmada tacikistanlı Şakarmammad Mirmamadova uduzub.

Qeyd edək ki, bir gün öncə Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR