Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub

Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
# 19 noyabr 2020 21:12 (UTC +04:00)

Çexiyanın paytaxtı Praqada Avropa çempionatı start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 6 üzvü tatami üzərinə çıxıb.

Təmsilçilərimizdən yalnız Orxan Səfərovun çıxışı uğurlu alınıb. Bütün görüşlərdə qələbə qazanan cüdoçumuz ilk dəfə Avropa çempionu tituluna yiyələnib.

Nicat Şıxəlizadə 1 qarşılaşmada qalib gəlibsə, qadın cüdoçularımız ilk görüşdə mübarizəni dayandırıb.

Kişilər
66 kq

Orxan Səfərov 1/16 finalda Manuel Lombardo (İtaliya), 1/8 finalda Matej Polyak (Slovakiya) üzərində qələbə qazanıb. Yarımfinala vəsiqə uğrunda qarşılaşmada cüdoçumuz almaniyalı Sebastyan Seydli məğlub edib. Finalın bir addımlığında serbiyalı Strahinya Bunçiçə qalib gələn idmançımız həlledici qarşılaşmaya vəsiqə qazanıb. O, finalda İsrail cüdoçusu Tal Flikeri yenərək Praqada qızıl medal əldə edib. Bu, Orxanın Avropa çempionatlarında 4-cü medalı olub. 2015 və 2016-cı illərdə finalda uduzaraq gümüşlə kifayətlənən cüdoçumuz 2017-ci ildə 3-cü yeri tutub.

Nicat Şıxəlizadənin çıxışı uğursuz alınıb. 1/16 finalda moldovalı Vadim Buneskuya qalib gələn təmsilçimiz fransalı Killian Le Bluxa uduzaraq 1/4 finalın astanasında dayanıb.

Qadınlar
48 kq

Hər iki təmsilçimiz yarışa 1/8 finaldan başlayıb. Aişə Qurbanlı kosovolu Distina Krasniqiyə uduzaraq mübarizəni dayandırıb. Leyla Əliyeva isə almaniyalı Katerina Mensə məğlub olub.

52 kq
1/16 finalda Tatyana Leviska-Şuxvani (Gürcüstan) ilə qarşılaşan Gültac Məmmədəliyeva məğlubiyyətə üzülərək çempionatla erkən vidalaşıb.

57 kq
Aleksandra-Larisa Florian da ilk qarşılaşmada uduzub. 1/16 finalda niderlandlı Sanne Verhegenlə üz-üzə gələn milliləşdirilmiş cüdoçu tatamidən məğlub ayrılıb.

Qeyd edək ki, yığmamız yarışa 14 cüdoçu (9 kişi, 5 qadın) ilə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR