Azərbaycan güləşçisinin qətldə iştirakının təfərrüatları bəlli olub

Azərbaycan güləşçisinin qətldə iştirakının təfərrüatları bəlli olub
# 30 iyun 2020 11:18 (UTC +04:00)

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Nurməhəmməd Hacıyevin ittiham edilərək axtarışa verilməsinə səbəb olan qətlin təfərrüatları bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Federasiyasının İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi açıqlayıb.

Milliləşən legionerlə birlikdə axtarışa verilən Surakat və Hüseyn Asiyatilovlar Dağıstan Xalq Məclisinin deputatı, Şamil rayonunun sabiq rəhbəri Məhəmməd Asiyatilovun oğullarıdır. Onlar “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun ölümündə təqsirləndirilir.

Bildirilir ki, iyunun 23-də baş verən qətl Mahaçqalanın mərkəzində gerçəkləşib. Buna Dağıstanda tanınmış ailələrin təmsilçiləri arasındakı münaqişə səbəb olub.

Yerli vaxtla saat 22:00 yaxın Lenin Komsomolu Parkının ərazisində mübahisə yaşanıb. Abdulbasir Ömərov gözlənilmədən Surakatın üzünə zərbə endirib. O, bundan sonra öz avtomobili ilə münaqişə yerini tərk edib.

İstintaqın araşdırmalarına əsasən, zərərçəkən onu vuran şəxsi öldürməyə qərar verib. O, köməyə qardaşı Hüseyni və öz tanışlarını çağırıb, onlardan silahla gəlmələrini xahiş edib.

Saat 22:40-a yaxın Asiyatilov və Ömərov yenidən görüşüb – bu dəfə Akuşinski prospektində yerləşən “Mahaçqala Su Kanalı”nın müdiriyyətinin ərazisində. Tapança ilə silahlanan Surakat Asiyatilov Ömərovla dalaşıb. Orada olan gənc şəxslər onları ayırıb və barışdırmağa cəhd edib.

İstintaq müəyyənləşdirib ki, həmin anda müəssisənin ərazisinə tapança ilə silahlanmış Hüseyn Asiyatilov və Nurməhəmməd Hacıyev qaçaraq gəlib. Onlarla birlikdə daha 20-dən artıq adam olub.

İzdihamı görən Ömərov müəssisənin ərazisindən qaçmağa cəhd edib. Amma Asiyatilov qardaşları və Hacıyev Abdulbasirə hücum çəkərək asfaltın üstünə sərib və bir neçə dəfə ona atəş açaraq cinayət yerindən qaçaraq gizlənib. Odlu silahdan çoxsaylı yaralar alan Ömərov xəstəxanada vəfat edib.

İstintaq tərəfindən Surakat və Hüseyn Asiyatilovlar ilə Nurməhəmməd Hacıyev cinayətdə ittiham olunub. Onlara qarşı qrup tərəfindən öncədən planlaşdırılan qətl törətmək, qanunsuz silah saxlama maddələri üzrə cinayət işi açılıb. Hər üç şəxs barədə axtarış elan olunub.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının bürünc, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır. O, gənclər və yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR