Hacı Əliyev prinsipial rəqibinə qalib gəlib

Hacı Əliyev prinsipial rəqibinə qalib gəlib
# 17 dekabr 2020 15:29 (UTC +04:00)

Azərbaycanın ən titullu güləşçilərindən biri Hacı Əliyev Fərdi Dünya kubokunda mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Serbiyanın paytaxtı Belqraddakı yarışa 1/8 final mərhələsindən başlayıb.

Onun ilk rəqibi Rusiya təmsilçisi Hacımurad Rəşidov olub. Bu görüş hər iki güləşçi üçün prinsipial xarakter daşıyıb.

Titullu rəqiblər dəfələrlə üz-üzə gəlsə də, aralarındakı son qarşılaşma qalmaqalla başa çatmışdı. 2019-cu ilin sentyabrında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında keçirilən qarşılaşmadan sonra Hacı revanş, rəqibi isə güclü olduğunu təsdiq etmək üçün xalça üzərinə çıxıb.

Qarşılaşma vaxtından əvvəl yekunlaşıb. Təmsilçimizin fəndi zamanı rəqib zədələnib və Hacı qalib elan olunub. Prinsipial görüşdə istəyinə çatan güləşçimiz 1/4 finala yüksəlib.

Qeyd edək ki, üçqat dünya və üçqat Avropa çempionumuz Hacımuradla ötənilki görüşdən sonra hakimlərin qərarı ilə razılaşmayıb. Təsnifat mərhələsinin bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən 2 xalla qiymətləndirilib. Lakin rəqibin etirazından sonra bu xallar silinib və rusiyalı 4:2 hesabı ilə qalib gəlib.

Bunu haqsızlıq sayan Əliyev qarşılaşmanın sonuncu saniyəsində mübarizəni davam etdirmək istəməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib. O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi rusiyalını tək qalib sayıb. Bundan sonra Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını isbatlamağa çalışıb. O, hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmızı” göstərib və yerə çırpıb. Hacı 2017-ci ildə dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR