Karate üzrə Avropa çempionatı Azərbaycana təklif olunub

Karate üzrə Avropa çempionatı Azərbaycana təklif olunub
# 21 may 2020 13:18 (UTC +04:00)

2021-ci ildə karate üzrə lisenziya xarakterli Avropa çempionatı Bakıda keçirilə bilər.

Bu barədə apasport.az saytına Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

O bildirib ki, qitə birinciliyinin gələn il İsveçin Göteborq şəhərində təşkili nəzərdə tutulsa da, Ümumdünya Karate Federasiyası (WKF) məkanı dəyişə bilər. Bu isə koronavirus pandemiyası dönəmindən sonra İsveçdəki iqtisadi durumdan asılı olacaq: “Əgər İsveç turnirin təşkilindən imtina etsə, gələnilki Avropa çempionatı bizə həvalə ediləcək. Hətta imtina etməsələr belə, oradakı durumla əlaqədar yarış bizə verilə bilər”.

Bəşirov əlavə edib ki, gələn il Avropa çempionatı İsveçdə keçirilsə belə, 2022-ci ildəki birincilik böyük ehtimalla Azərbaycana veriləcək: “Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza 2022-ci ildəki Avropa çempionatını artıq bizə təklif edib. Əgər gələn ilki yarış İsveçdə baş tutsa, o zaman 2022-ci ildəki qitə birinciliyi Azərbaycana veriləcək”.

Qeyd edək ki, bu ilin martında Bakıda keçirilməsi nəzərdə tutulan böyüklər arasında Avropa çempionatı koronavirus pandemiyası səbəbindən ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR