Vətən müharibəsinin iştirakçısı: “Bayrağımızı Olimpiadada dalğalandırmağı arzulayıram”

#
# 16:48
22 aprel 2021

“Avropa çempionatı mənim üçün çox önəmli idi. Bir ildən artıq idi güləşmirdim. Sonuncu dəfə ötən il Romada keçirilən qitə birinciliyində iştirak etmişdim”.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın paytaxtı Varşavada keçirilən sərbəst güləş üzrə Avropa çempionatının bürünc medalçısı olan Azərbaycan idmançısı Əfqan Xaşalov deyib.

Vətən müharibəsinin iştirakçısı olan Xaşalov güləş xalçasına qayıtdıqdan sonra 57 kq çəki dərəcəsində ilk dəfə böyüklər arasında qitə birinciliyinin medalını qazanıb. Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verən pəhləvanımız Avropa çempionatı ərəfəsində Ukraynanın paytaxtı Kiyevdə turnirə qatıldığını söyləyib: “Həmin yarışda məğlub olduğum belaruslu güləşçiyə burada qalib gəldim. Əlbəttə, forma yığmaq üçün zaman lazım idi. Ancaq bunun üçün vaxtımız çox az idi. Məşqçilərimiz sağ olsun. Yaxşı təlim-məşq toplanışı keçdik. Şükürlər olsun ki, medalsız qalmadım. Qismət olsa, Olimpiya çempionu olmaq istəyirəm. Bayrağımızı orada da dalğalandırmağı arzulayıram”.

Xaşalovun sözlərinə görə, son vaxtlar yarışlara qatılmadığından, görüşlər onun üçün ağır keçib: “Çoxdandır güləşmirdim və çəki salmırdım. Yarımfinalda Rusiya güləşçisiylə görüşdə vaxta görə yanıldım. Elə bildim ki, hələ zamanım var. Fəndi axıra kimi icra edə bilsəydim, finala çıxardım. Uzun müddət məşqlərdən uzaq qalmağın da müəyyən qədər rolu oldu. Ancaq səhvlərimin üzərində işləyib, onları aradan qaldırmaq üçün vaxtımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR