“Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olub

“Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olub
# 16 dekabr 2019 17:23 (UTC +04:00)

Dekabrın 16-da “İrs” silsiləsi layihəsindən “Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, dövlət xadimləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, təqdim olunan kitablar hər bir azərbaycanlının ürəyində yaşatdığı tarixi əks etdirir: "Gördüyünüz kimi, burada həm Azərbaycanı bötüvlükdə əks etdirən "Azərbaycan inciləri", Gəncənin tarixindən və mədəniyyətindən bəhs edən “Gəncə - Nizami yurdu”, həm də heç vaxt ürəyimizdən çıxmayan, bizi ağrıdan, lakin böyük ümidlərlə gözlədiyimiz, Qarabağ haqqında olan “Qədim və gözəl Qarabağ” kitabları yer alır. Bu kitablar Azərbaycan xalqının öz keçmişinə hörmətinin əlamətidir. Son illər Azərbaycan xalqının mədəniyyəti haqqında cəmiyyətdə geniş müzakirələr aparılır. Sözsüz ki, bunun arxasında Cənab Prezident İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın apardığı siyasət dayanır. Bu siyasətin nəticəsində Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Bunlardan biri də bu ilin ən böyük hadisələrdən biri sayılan UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası oldu. Bu sessiyanın Azərbaycanda keçirilməsi çox vacibdir. Çünki siyahıya nominasiyaları daxil olan ölkələrin tarixində o nominasiyaların harda, nə zaman daxil edildiyi qeyd olunur. Azərbaycanda 160 nominasiyaya baxıldı, onlardan 60-dan çoxunun vəziyyəti təyin olundu və 29 yeni məkan Dünya İrs Siyahısına salındı. Dünyada cəmi 1121 məkan bu siyahıda yer alır. Baxmayaraq ki, cəmi 27 ildir müstəqilik, bunların içində Azərbaycandan 3 məkan da yer alır. Bu çox fərəhlidir".

Ə.Qarayev hər il bir neçə tarixi abidənin bərpa olunaraq təqdim olunduğunu da diqqətə çatdırıb: "Mən sevinirəm ki, bu ilin sonuna qədər bərpa olunacaq abidələr siyahısında Sınıq-körpü, Çıraqqala kimi abidələr daxil olacaq. Bunlar hamısı tarixi mirasımızın xalqımıza yenidən qaytarılması, yeni həyat verilməsi üçün çox önəmlidir".

Nazir bu cür kitabların ərsəyə gətirilməsinində dövlətlə yanaşı özəl sektorun da rolununun mühüm olduğunu vurğulayıb: "Tariximiz, mədəniyyətimizi haqqında bu cür kitabların hazırlanması nə tək dövlətin, nə də özəl sektorun işidir. Bu, vahid layihə əsasında ərsəyə gəlir".

Qeyd edək ki, layihə Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə 2013-cü ildən Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC və “IRS Publishing House” tərəfindən birgə həyata keçirilir. Layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsirlərin salnaməsi” adlı kitablar nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR