Rəşid Behbudovun yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib

Rəşid Behbudovun yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib
# 14 dekabr 2006 10:38 (UTC +04:00)
SSRİ xalq artisti Rəşid Behbudovun 91 yaşının tamam olması münasibəti ilə bu gün onun yaşadığı evin qarşısında xatirə lövhəsinin açılışı olub. APA-nın məlumatına görə, barelyef mərhum dövlət başçısı Heydər Əliyevin xüsusi sərəncamı və prezident İlham Əliyevin tapşırığı ilə hazırlanıb. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günün hər bir Azərbaycan vətəndaşı üçün önəmli gün olduğunu vurğulayıb: “Azərbaycan musiqisini dünya zirvəsinə qaldıran və dünyaya tanıtdıran bir insanın ad günüdür. Rəşid Behbudovun adı hər bir Azərbaycan vətəndaşına yaxın bir addır. Rəşid Behbudov XX əsrin musiqi tarixində özünəməxsus bir iz qoyub”. Nazir bildirib ki, Rəşid Behbudovun ən böyük xidmətlərindən biri hazırda onun adını daşıyan və hər zaman onun yolunu davam etdirən Mahnı Teatrıdır: “Bu teatrın yaranmasında, formalaşmasında və yeni nəsil istedadların püxtələşməsində onun xüsusi yeri var idi. Rəşid Behbudov haqqında danışdıqda kinematoqrafiya sahəsində yaratdığı obrazları yada salmalıyıq”. Xalq artisti, bəstəkar Arif Məlikov bir musiqiçi kimi Rəşid Behbudova daha yaxın olduğunu vurğulayıb. Bəstəkarın sözlərinə görə, Rəşid Behbudov yeganə sənətkardır ki, ifa etdiyi əsəri son nöqtəsinə kimi işləyirdi: “Mənim xasiyyətimlə onun xasiyyəti çox üst-üstə düşürdü və buna görə də bizim birgə işlərimiz çox olub. Mən fəxr edirəm ki, Rəşid mənim yazdıqlarım musiqiləri ifa edib və əsərlərim bu gündə onun ifasında yaşayır. Rəşid Behbudov həqiqətən də əvəz olunmaz bir şəxsiyyətdir. Azərbaycan musiqisi yaşadıqca Rəşid Behbudov da yaşayacaq”. Xalq artisti Mübariz Tağıyev bildirib ki, gec də olsa dahi sənətkarın yaşadığı evin qarşısında xatirə lövhəsinin vurulması çox böyük işdir: “Bu gün şəhərimizin gözəlliyinə bir gözəllik də əlavə olundu. Çox maraqlıdır ki, Rəşidin mahnıları da həyatı kimi çox gözəl olub. Hərdən dahilər itirlər, ancaq Rəşid Behbudov vaxtın, zamanın dəyişilməsindən asılı olmayaraq itmir və heç bir insanın qəlbindən silinmir”. Açılış mərasimində sənətkarın həyat yoldaşı Ceyran Behbudova və onun qızı Rəşidə Behbudova hər bir kəsə təşəkkür ediblər. Xatirə lövhəsinin müəllifi Ömər Eldarovdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR