“Deyilən söz yadigardır” I ümumrespublika bədii qiraət müsabiqəsinə yekun vurulub

“Deyilən söz yadigardır” I ümumrespublika bədii qiraət müsabiqəsinə yekun vurulub
# 19 dekabr 2006 16:25 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-dən 23-dək Gəncə şəhərində “Deyilən söz yadigardır” I ümumrespublika bədii qiraət müsabiqəsi keçirilib. APA-nın məlumatına görə, bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə çıxış edən müsabiqənin münsiflər heyətinin sədri, xalq artisti Nurəddin Mehdixanlı müsabiqə barədə məlumat verib. O bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın söz xəzinəsinin nadir incilərindən olan şeir, mənsur şeir, nəsr, bayatı və laylaların geniş təbliği, bu sahədə gənc istedadların üzə çıxarılması, mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması, aydın tələffüzü olan səlis danışıq tərzinə malik gənclərin aşkarlanması və yetişdirilməsidir: “Müsabiqənin seçim turu Gəncə Dövlət Dram Teatrında 21-24 noyabr tarixlərində keçirilib. Müsabiqədə Azərbaycanın 30 bölgəsindən 18 yaşından 30 yaşına qədər 130 iştirakçı qatılıb. Ümumrespublika müsabiqəsi iki tur üzrə keçirilib”. N. Mehdixanlı bildirib ki, müsabiqənin I yerini qazanan olmayıb. Qeyd edək ki, birinci yerin qalibinə 500 YAM və diplom nəzərdə tutulmuşdu. Müsabiqədə II yerin qalibi Cəmilə Əzimova (300 YAM, diplom və laureat adı), III yeri Günay Verdiyeva (250 YAM, diplom və laureat adı) tutub, iki nəfər isə 100 YAM məbləğində həvəsləndirici mükafat qazanıblar. Qaliblərin mükafatını mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev təqdim edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR