Yaponiya hökumətinin M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə birgə həyata keçirdiyi layihə başa çatıb

Yaponiya hökumətinin M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə birgə həyata keçirdiyi layihə başa çatıb
# 26 dekabr 2006 11:47 (UTC +04:00)
Yaponiya hökumətinin “Mədəniyyət üzrə qrant yardımı proqramı” çərçivəsində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının mikrofilm və audio-vizual avadanlıqla təminatı üzrə layihənin başa çatması münasibəti ilə mərasim keçirilib. APA-nın məlumatına görə, tədbirdə kitabxananın direktoru Kərim Tahirov layihənin əhəmiyyətindən danışıb: “2005-ci ilin 24 sentyabrında Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Milli Kitabxana arasında bağlanan müqaviləyə əsasən 450 min ABŞ dolları məbləğində elektron və digər ləvazimatlar müəssisəyə hədiyyə edilib”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əməkdaşlığın zəruriliyindən danışaraq Yaponiya hökumətinin bundan sonra da Azərbaycan mədəniyyət ocaqlarının inkişafına dəstək verəcəyinə ümid bəslədiyini söyləyib. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tadahiro Abe ölkəsinin Azərbaycanın ən yaxın dostu olduğunu vurğulayıb. O, Yaponiya hökumətinin mütəmadi olaraq Azərbaycanın təhsil, mədəniyyət, səhiyyə və başqa vacib sahələrinə qrant yardımı nəzərdə tutan layihələrin həyata keçiriləcəyini bildirib. Səfir qarşıdan gələn illər ərzində əməkdaşlığın daha da genişləndirilməsinə çalışacağını qeyd edib. Sonra tədbir iştirakçıları Milli Kitabxananın mikrofilm və audio-vizual avadanlıqlarla təchiz olunan otaqları ilə tanış olublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR