Azərbaycan mədəniyyət və incəsənətinin 2006-cı il itkiləri

Azərbaycan mədəniyyət və incəsənətinin 2006-cı il itkiləri
# 27 dekabr 2006 08:33 (UTC +04:00)
2006-cı ildə mədəniyyət aləmində ilk ağır itki martın 8-də baş verib. Həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, xalq artisti Əliabbas Qədirov 60 yaşında qan xərçəngindən dünyasını dəyişib. Aprelin 9-da isə daha bir teatr xadimi - Azərbaycan Dövlət Gənclər Teatrının direktoru və baş rejissoru Hüseynağa Atakişiyev vəfat edib. 57 yaşlı rejissor beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Daha bir teatr ocağının rəhbəri, yaratdığı rollarla yüz minlərlə insanın qəlbində özünə yer tapan xalq artisti Hacıbaba Bağırov da 2006-cı ildə vəfat edib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri olan Hacıbaba Bağırov oktyabrın 4-də 73 yaşında əbədiyyətə qovuşub. 2006-cı ildə mədəniyyət aləmində baş verən itkilərdən biri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baletmeysteri, xalq artisti Qəmər Almaszadənin vəfatı ilə bağlıdır. Azərbaycan balet sənətinin inkişafında əvəzsiz xidmətləri olan Qəmər Almaszadə may ayında 91 yaşında vəfat edib. 2006-cı ilin iyul ayı isə Azərbaycan kinosu üçün ağır itki ilə yadda qalıb. Yaratdığı çoxsaylı filmlərlə Azərbaycan kino sənətində dərin iz buraxan rejissor Rasim Ocaqov iyulun 7-də 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Azərbaycan kinosu bu il daha bir görkəmli rejissoru ilə vidalaşıb, əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadə dekabrın 7-də 59 yaşında haqq dünyasına qovuşub. Sentyabrın 15-də isə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Vasif Adıgözəlov uzun sürən xəstəliyindən sonra 71 yaşında vəfat edib. Noyabr ayında isə Azərbaycan mədəniyyəti tarixindən iki ağır itki ilə yadda qalıb. Noyabrın 14-də xalq artisti Oqtay Ağayev, noyabrın 17-də isə xalq artisti Gülşən Qurbanova dünyasını dəyişib. Dekabrın 6-da xalq artisti, xanəndə Baba Mahmudoğlu, dekabrın 12-də isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əhməd Elbrus vəfat edib. Bu il Azərbaycan rəssamlıq sənətində də itgilərlə yadda qalıb. 2006-cı ildə rəssamlar Nurəddin Həbibov, Akif Ələkbərov, Həyat Abdullayeva, Arif Ağamalov və Azər Ələkbərov dünyalarını dəyişiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR