Heykəltəraş Ömər Eldarov: “İstiqlal abidəsinin hazırlanması ilə bağlı beynəlxalq müsabiqə elan edilib”

Heykəltəraş Ömər Eldarov: “İstiqlal abidəsinin hazırlanması ilə bağlı beynəlxalq müsabiqə elan edilib”
# 11 yanvar 2007 10:00 (UTC +04:00)
“Azərbaycan Rəssamlıq Akademiyasında təhsilin səviyyəsi bizi qane edir. Ancaqbəzən nizam-intizam məsələsində problem olur ki, bu da onların emalatxanalarda işləmələri ilə bağlıdır. Bizim akademiyada xarici tələbələrin də sayı çoxdur. Onların səviyyəsi olduqca yaxşıdır. Bu gün rəssamlıq və heykəltəraşlıqda da mədəniyyətin bütün sahələrindəki kimi problemlər var. Amma memarlıq sahəsində işlər yaxşıdır, heykəltəraşlıqda da son zamanlar sifarişlər çoxalıb. Bəzi problemlər isə qalır”. Bunu APA-ya eksklüziv müsahibəsində Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş Ömər Eldarov deyib. Ö. Eldarov qiymətlərin son qalxımının heykəltəraşlıqda istifadə olunan materiallarının qalxmasına səbəb olduğunu da bildirib: “Bundan sonra gibs, mərmər, tunc məmulatlarının qiyməti çox qalxacaq. Buna görə əmək haqqının da artırılması lazımdır”. O, xarici ölkələrdən Türkiyənin Qars şəhərində Heydər Əliyevin bir neçə, Ankarada İhsan Doğramacının heykəlciyi, Avstriyanın Vyana şəhərində Üzeyir Hacıbəyovun heykəlinin ona məxsus olduğunu deyib: “Yaxın günlərdə Türkiyədə yeni işlərə başlayacağam. Artıq təkliflər var və Türkiyənin tarixi ilə bağlı heykəllər hazırlayacağam. Bundan sonra Amerika, Avropdan təklif alsam, öncə mənə olunan təkliflərin və hazırlanması nəzərdə tutulan əsərlərin məzmununa diqqət edəcəyəm. Gərək hazırlayacağım heykəl mənim özümə yaxın olsun”. Tiflis meriyasının Heydər Əliyevin heykəlinin ucaldılması ilə bağlı qərarından sonra abidənin hazırlanmasının ona tapşırıldığını deyən Ö. Eldarov ”Bu iş əvvəldən mənə tapşırılmışdı. Mən heykəli düzəltmişəm, ancaq sonradan fikirlərini dəyişiblər, bunun səbəbini bilmirəm. İndi işin kimə tapşırıldığı barədə məlumatım yoxdur” deyib. İstiqlal abidəsinin hazırlanması ilə bağlı prezident İlham Əliyevin sərəncamından sonra beynəlxalq müsabiqə elan ediləcəyini, bununla bağlı hazırlıq işləri aparıldığını və müsabiqənin şərtlərinin hazırlandığını deyən Ö. Eldarov müsabiqədə xarici ölkələrin də heykəltəraşlarının iştirak edəcəyini söyləyib: “Bəlkə mən də İstiqlal abidəsinin hazırlanması ilə bağlı müsabiqədə iştirak etdim”. Xocalı faciəsinə həsr olunmuş abidə kompleksinin hazırlanması ilə bağlı məsələnin artıq müzakirə olunmadığını vurğulayan heykəltəraş bu abidənin hazırlanması üçün müharibənin başa çatmasının vacib olduğunu qeyd edib: “Hələ bu abidənin hazırlanmasının vaxtı deyil”. Məmməd Əmin Rəsulzadənin heykəlinin 2 metrlik modelini hazırladığını deyən heykəltəraş Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı obelisk memarlıq abidəsi olacağını söyləyib: “Abidə İstiqlaliyyət küçəsində İqtisadiyyat Universiteti ilə Əlyazmalar İnstitutunun arasındakı ərazidə qoyulacaq. Bu işin hazırlanması mənə tapşırılmayıb, abidəni kimin hazırladığını da bilmirəm. Ancaq abidə kompleksinin bu il üçün hazır olacağını bilirəm”. Motsartın heykəlini hazırlamağı nəzərdə tutduğunu deyən Ö. Eldarov monumental heykəlin hazırlanması üçün Prezidentin və ya Nazirlər Kabinetinin qərarı olmasının vacibliyini qeyd edib. Hazırda Bakıdakı heykəllərə qulluq olunmadığını deyən Ö. Eldarov abidələrin təmizlənməsinin vacib olduğunu vurğulayıb. Mədəni abidələrin dağıdılmasını pisləyən heykəltəraş İçərişəhərdə hündürmərtəbəli binaların tikilməsinə mənfi münasibəti olduğunu deyib: “İçərişəhərdəki binaların 70%-i çox balaca idi. Onların sökülməsinə ehtiyac vardı, amma orada yeni hündürmərtəbəli binaların tikilməsi də İçərişəhərin görkəminə çox pis təsir edir. Bu binaları başqa formada, daha alçaq tikmək mümkün idi. Amma görünüşə xələl gətirmədən yeni binaların tikilməsi labüddür. Qız Qalası ətrafında tikilən hündürmərtəbəli binalar onun görünüşünü tamam itirir. Gərək orada az mərtəbəli binaların tikintisinə üstünlük verilsin”. Bakının qədimliyini saxlamağın vacib olduğunu deyən akademik bunu “çox incə iş” adlandırıb: “Bakının qədimliyini saxlamağa ehtiyac var, amma hamısını yox. Bu iş olduqca çətin və mürəkkəb işdir”. Azərbaycanda beynəlxalq heykəltəraşlıq müsabiqələrinin keçirmədiyini söyləyən Ö. Eldarov bunun üçün təşəbbüs olmadığını söyləyib. Heykəltəraşların qazanc mənbəyinin yalnız sifarişlər olduğunu bildirən heykəltəraş heykəllərin qiyməti məsələsində problem olmadığını da qeyd edib. Bu il 80 yaşını qeyd edəcək məşhur heykəltəraş bundan sonra Rəssamlıq Akademiyasının rektorluğundan istefa verəcəyini vurğulayıb: “Hətta bu vəzifənin kimə həvalə olunması üçün öz namizədim var. Onu buna hazırlaşdırıram. Ancaq həmin adamın adını açıqlamayacağam. Deyərəm, sonra onu incidərlər”. Yubileyinin qeyd olunması ilə bağlı hələ heç bir təklif olmadığını deyən Ö. Eldarov öz abidəsini yaratmadığını da söyləyib: “ Abidəmi yaratmamışam, belə planım da yoxdur. Heç sərgi keçirmək fikrim də yoxdur. Mənim bir dəfə Bakıda, bir dəfə də Moskvada sərgim keçirilib. Bu, olduqca çətin işdir, həm də bunun üçün pul və vaxt lazımdır. Bunlar isə məndə yoxdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR