Yanvarın 26-da “Akademiya” musiqi müsabiqəsinin yekun konserti olacaq

Yanvarın 26-da “Akademiya” musiqi müsabiqəsinin yekun konserti olacaq
# 12 yanvar 2007 10:02 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Akademiya” musiqi müsabiqəsinin dayandırılması ilə bağlı yayılan məlumatlar düzgün deyil. Bunu APA-ya Mədəniyyət və Turizm Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkil olunması və yaradıcı gənclərlə iş sektorunun müdiri Mənzər Nurəliyeva deyib. İştirakçıların fonoqramla çıxış etmələrinə münasibət bildirən sektor müdirinin sözlərinə görə, bunun səbəbi təkcə müsabiqənin keçirildiyi zalın soyuq olması deyil: “Düzdür, həmin məkanda hərarət aşağıdır. Ancaq iştirakçılar həm də şou-proqram nümayiş etdirdikləri üçün canlı oxuya bilməzlər. Müsabiqənin hər yayımında iştirakçılar yarım saat canlı çıxış edirlər. Biz icarə haqqı almadan “Bakı” kinoteatrını onlara vermişik, yarışmada Salman Qəmbərov, Natəvan Şeyxova və Nurəddin Mehdixanlıdan ibarət ekspert qrupumuz təmsil olunur. Müsabiqənin dayandırılacağı ilə bağlı deyilənlər yalandır. Göründüyü kimi, layihə artıq başa çatmaq üzrədir”. M. Nurəliyeva yanvarın 26-da “Bakı” kinoteatrında yekun konsertin olacağını açıqlayıb. Həmin konsertdə 4 müsabiqə iştirakçısı 3 yerin “qran-pri”si uğrunda mübarizə aparacaq. “Akademiya” layihəsinin müəllimlərinin öz tələbələrinin yanına gəlməməsi məsələsinə də münasibət bildirən nazirlik əməkdaşı deyib ki, Röya əvvəldən müəllimlikdən imtina edib: “Onun tələbəni qəbul edərkən nə düşündüyünü bilmirəm. Aqşini qəbul etdikdən sonra bildirdi ki, tələbə onun stilinə uyğun gəlmir”. Digər müəllimlərə gəlincə, M. Nurəliyeva qeyd edib ki, Samirə, Aygün Kazımova və Zülfiyyə Xanbabayeva evə gəlib gedirlər: “Müğənnilərin ora hər gün gəlmələri mümkün deyil. Çünki onların öz işləri var - toya gedirlər, konsertlər verirlər. Elnarə arada-sırada gəlir. Bu da normal haldır”. M. Nurəliyeva “Akademiya-2” layihəsinin keçirilib-keçirilməyəcəyi ilə bağlı məlumatı olmadığını deyib. Onun sözlərinə görə, layihənin davam etdirilməsi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən asılıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR