Azərbaycan Bəstəkarlar İttifaqının apreldə keçiriləcək VIII qurultayı bir həftə davam edəcək

Azərbaycan Bəstəkarlar İttifaqının apreldə keçiriləcək VIII qurultayı bir həftə davam edəcək
# 18 yanvar 2007 12:51 (UTC +04:00)
Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayı apreldə keçiriləcək. Artıq bununla bağlı xüsusi seçim komissiyası yaradılıb, qurultay iştirakçılarının ərizlərinin qəbuluna başlanılıb. Bu barədə APA-ya açıqlamasında məlumat verən Azərbaycan Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabovun sözlərinə görə, qurultayın yüksək səviyyədə keçirilməsi üçün bəzi tədbirlər həyata keçiriləcək: “Qurultay bir həftə ərzində Azərbaycan Dövlət Filarmoniyasında, Opera və Balet Teatrında, Bakı Musiqi Akademiyasında davam etdiriləcək. Bir həftə ərzində opera, kamera, klassik, simfonik və digər janrlarda olan mahnıların ifasından sonra sonuncu gün seçim günü olacaq və səsvermə yolu ilə ittifaqın sədri seçiləcək. Qurultayöncəsi ittifaqın Nizamnaməsindən kənara çıxılacağı da istisna olunmur. Maraqlı və yüksək səviyyəli əsərlərin qurultayda iştirakına çalışacağıq. Seçimdə ancaq ali savadlı musiqişünaslar iştirak edəcək”. Qurultaya bütün zonalardan iştirakçılar cəlb olunacağını söyləyən R.Zöhrabov bundan başqa, qurultaya xaricdən də qonaqlar dəvət ediləcəyini qeyd edib: “Bir həftə ərzində ancaq son 5-6 il ərzində yazılmış musiqilər səslənəcək. Qalib gələn musiqinin müəllifi Bəstəkarlar İttifaqının sədri olacaq”. İttifaq katibinin sözlərinə görə, qurultay öncəsi gənc bəstəkarların iştirakı ilə müxtəlif konfransların keçirilməsi də planlaşdırılır. Seçimin harada keçirilməsi üçün isə hələ ki danışıqlar gedir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR