Axundov adına Milli Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Axundov adına Milli Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 19 yanvar 2007 11:56 (UTC +04:00)
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir çərçivəsində faciədən bəhs edən 100-ə yaxın kitab nümayiş etdirilib. Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bu faciənin izlərinin əsrlər keçsə də, insanların qəlbindən silinməyəcəyini deyib: “Artıq 20 Yanvar faciəsindən 17 il ötür. Buna baxmayaraq, insanlar hər il faciə günü şəhidlərimizi anırlar. Bu faciənin dəhşətli məqamlarının gələcək nəsillərə ötürülməsində ən vacib mənbə kimi kitablar böyük rol oynayır. Buna görə də şairlərimizin, yazıçılarımızın bu mövzuda qələmə aldığı əsərlər, kitablar kitabxanamızda saxlanılır. Bu topluları qoruyaraq gələcək nəsillərə ötürməyə çalışırıq. Bu, bizim ən əsas missiyamızdır”. T.Kərimov artıq Milli Kitabxananın Avropa ölkələrinin kitabxanaları ilə sıx əlaqədə olduqlarını və Azərbaycanın ağır günlərini özündə əks etdirən nəşrləri müxtəlif dillərə çevirərək, əcnəbi ölkələrə göndərdiklərini vurğulayıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva milli kitabxananın hər il öz ənənəsinə sadiq qalaraq, 20 Yanvar faciəsinə həsr edilmiş tədbirlər keçirməsini yüksək qiymətləndirib: “17 il ərzində hər il milli kitabxanada şəhidlərimizin xatirəsi anılır. 17 il bundan əvvəl SSRİ rəhbərliyi xalqımıza qarşı dəhşətli faciə törətdi. Biz şəhidlərimizin əziz xatirəsini hər zaman qəlbimizdə yaşadacağıq”. Nazirliyin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə 20 Yanvara aparan yoldan danışıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR