Mir Cəlal adına İkinci Hekayə müsabiqəsinin qalibləri açıqlanıb

Mir Cəlal adına İkinci Hekayə müsabiqəsinin qalibləri açıqlanıb
# 12 oktyabr 2020 17:53 (UTC +04:00)

“Ədibin Evi” Yaradıcılıq Mərkəzi tərəfindən keçirilən Mir Cəlal adına İkinci Hekayə müsabiqəsi başa çatıb.

“Ədibin Evi”ndən APA-ya verilən məlumata görə, müsabiqədə 539 müəllif iştirak edib.

Hekayələrin 218-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan, qalanı isə müxtəlif regionlardan göndərilib. Bu sırada, Şəki şəhəri xüsusilə fərqlənib. Belə ki, təkcə Şəkidən 23 nəfər iştirakçı müsabiqədə iştirak edib.

İştirakçılar arasında 182-i məktəbli, 14 əcnəbi yer alıb. Əcnəbi iştirakçıların təmsil etdiyi ölkələr Türkiyə (3 nəfər), Bosniya və Hersoqavina (2 nəfər), Gürcüstan (2 nəfər), İran (1 nəfər), Hindistan (1 nəfər), İndoneziya (1 nəfər), Serbiya (1 nəfər), Xorvatiya (1 nəfər), Litva (1 nəfər), Belarus (1 nəfər) olub. Hekayələr ümumilikdə Azərbaycan dili, İndoneziya dili, Bosniya dili, rus, türk, ingilis, serb, xorvat dilləri olmaqla - 8 dildə təqdim edilib.

Hekayələr 8 nəfərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib. Münsiflər heyətinin tərkibi isə belədir: Xalq yazıçısı Elçin, Xalq şairi Nəriman Həsənzadə, Xalq yazıçısı Kamal Abdulla, akademik Nizami Cəfərov, ədəbiyyatşünas alim Təhsin Mütəllimov, ədəbiyyatşünas alim Şirindil Alışanlı, teatrşünas İlham Rəhimli və “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə.

Münsiflər heyəti müsabiqədə birinci yer üzrə mükafatın tələblərini doğruldan hekayənin olmadığı qənaətinə gələrək birinci yer üzrə qalib seçməyib. İkinci yer üzrə iki, üçüncü yer üzrə isə üç qalib seçilib. Birinci yer üçün ayrılan pul mükafatı isə həvəsləndirici mükafat qismində 6 iştirakçı arasında bərabər qaydada bölünüb.

İkinci yer üzrə Tural Turan “Xalça oğrusu”, Sevinc Nuruqızı isə “Kəpənək ömrü” adlı hekayə ilə qalib olublar. İkinci yer üzrə qaliblərin hər biri 2000 AZN məbləğində mükafatlandırılıb. Üçüncü yerə Fuad Əliyevin “Люди Геллерт Уайт”, Vaqif Nəsibin “Badamlar çiçəkləyəndə”, Mirmehdi Ağaoğlunun “Yapon balığı” hekayəsi layiq görülüb. Üçüncü yer üzrə qaliblərin hər biri 1000 AZN məbləğində mükafatlandırılıb.

Bundan əlavə, Alpay Azərə ("Ay işığında tabut"), Esmira İsmayılovaya ("Bir, iki və son"), Nemət Rüstəmliyə ("Yağış yağsın və yağmasın"), Vahid Aslana ("Müəllim"), Qəşəm Nəcəfzadəyə ("Gəncə göyü"), Pəri Ağakişiyevaya ("Tut ağacı") həvəsləndirici mükafatlar verilmişdir. Həvəsləndirici mükafatlar 500 AZN təşkil edib.

Hazırda ölkədə mövcud olan hərbi vəziyyəti və dünyada davam edən pandemiya vəziyyətini nəzərə alaraq, müsabiqənin yekunlarına dair tədbirin keçirilməsi təxirə salınsa da, mükafatlar sahiblərinə çatdırılacaq, müvafiq tədbirin keçirilməsi isə ordumuzun torpaqlarımızın azad olunması uğrunda keçirdiyi döyüş əməliyyatları başa çatdıqdan sonra nəzərdə tutulur.

Mükafata layiq görülmüş hekayələr “Azərbaycan” jurnalının növbəti nömrələrində işıq üzü görəcək.

Qeyd edək ki, İçərişəhərdə yerləşən “Ədibin Evi” Azərbaycan dilini və ədəbiyyatını təbliğ edən yaradıcılıq mərkəzidir. Böyük alim, yazıçı və pedaqoq Mir Cəlal 1929-1941-ci illərdə bu evdə yaşayıb, bir sıra məşhur əsərlərini də burada qələmə alıb. Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanıb. “Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə iki ildən bir Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir.

2017-ci ilin sentyabr ayında elan olunmuş birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilib. Qaliblər 2018-ci ilin may ayında “Ədibin Evi”ndə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR