Rəfiq Zəka Xəndanın 80 illiyi qeyd edilib

Rəfiq Zəka Xəndanın 80 illiyi qeyd edilib
# 28 noyabr 2019 10:13 (UTC +04:00)

Noyabrın 27-də Dövlət Mahnı Teatrında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

APA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Gecədə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Rəfiq Zəka Xəndanı XX əsr Azərbaycan poeziyasında öz yeri olan bir qələm adamı kimi dəyərləndirib.

Xüsusilə qeyd edilib ki, onun Azərbaycan ədəbiyyatına sonsuz sevgisi XX əsr Azərbaycan elminin böyük simalarından olan atası Cəfər Xəndanla bağlıdır.

O, görkəmli ədibin şəxsi keyfiyyətləri barədə məlumat verib, şairin klassik ənənələrə sadiqliyini, Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılığını yüksək dəyərləndirib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini minnətdarlıq hissləri ilə xatırladıb.

Filologiya elmləri doktoru Vaqif Yusifli tədbirdə çıxış edərək Rəfiq Zəka Xəndanın ömür yolundan və yaradıcılığından söz açıb.

Bildirilib ki, R.Zəkanın 23 yaşında çap olunan ilk şeirlər kitabının adı “Çağlayan” olub. Bu kitabı o, unudulmaz şairimiz Mikayıl Müşfiqə ithaf edib.

Gecədə Rafiq Zəkanın şeirlərindən nümunələr səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa olunub.

Sonda şairin övladı Xəndan Rafiq Zəka oğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR