Xalq yazıçısı Elçin öz şəxsi kitabxanasından 500-dək kitabı Milli Kitabxanaya bağışlayıb

Xalq yazıçısı Elçin öz şəxsi kitabxanasından 500-dək kitabı Milli Kitabxanaya bağışlayıb
# 15 yanvar 2021 12:45 (UTC +04:00)

Yanvarın 15-də işğaldan azad olunan rayonlarda erməni vandalları tərəfindən tamamilə dağıdılaraq məhv edilmiş kitab fondlarının yenidən bərpası məqsədilə başlanan kitab toplanması kampaniyası çərçivəsində Xalq yazıçısı Elçinin kitab hədiyyəetmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi təşkilat da Prezident İlham Əliyevin çağırışlarına qoşulmaq qərarına gəlib: "Biz də işğaldan azad edilmiş torpaqların bərpasında iştirak etmək niyyətindəyik. Ermənilərin 27 illik təcavüzü nəticəsində təkcə şəhərlər, tarixi abidələr deyil, kitabxanalar da dağıdılıb".

Direktorun sözlərinə görə, erməni vandalizmi nəticəsində işğaldan azad edilmiş torpaqlarda 975 kitabxana dağıdılıb, ümumilikdə 4.6 milyon nüsxə kitab məhv edilib: "Biz qərara gəldik ki, Qarabağdakı kitabxanaların yenidən bərpası məqsədilə ziyalılardan, ayrı-ayrı təşkilatlardan, nəşriyyatlardan və bütün vətəndaşlardan kitab toplanması kampaniyasına başlayaq. Xalq yazıçısı Elçin isə bu təşəbbüsümüzə ilk qoşulan oldu və özünün kitabxanasından 500-ə yaxın kitabı bizə bağışladı". 

Xalq yazıçısı Elçin isə qeyd edib ki, ötən il çox böyük çətinliklərlə yanaşı, tarixi qələbə ili oldu: "Ali Baş Komandanın ikili standartlar dövründə çox ciddi şəkildə ortaya qoyduğu iradə nəticəsində şanlı ordumuz Qarabağı xilas elədi. Mən televizorda o kadrlara baxanda hər bir azərbaycanlı kimi böyük qürur hissi keçirirdim. Amma eyni zamanda məni dəhşət basırdı. Bu gözəl təbiəti, bu gözəl abidələri insan necə viran qoya bilər! Bu kadrlara baxmaq mənim üçün çox çətin idi. Onlar nə qədər məscidlərimizi, abidələrimizi dağıdıblar. Eyni zamanda onlar kitabxanaları məhv ediblər, oradakı kitablar isə şübhəsiz yandırılıb. Yəni erməni təcavüzü təkcə torpağa təcavüz deyil, eyni zamanda mədəniyyətə, kitaba təcavüzdür. Bundan böyük vəhşilik yoxdur. Bu baxımdan Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın bu təşəbbüsünü böyük iş hesab edirəm. Onun üçün bu kampaniyaya qoşulmaq qərarına gəldim. Mən ümid edirəm ki, qısa zamanda bu kampaniyaya hər kəs qoşulacaq və 70 il ərzində formalaşan bu dəyərli kitabxana fondu bir neçə il içində bərpa ediləcək". 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə Xalq yazıçısı Elçinin bu təşəbbüsə ilk qoşulmasının təsadüf olmadığını diqqətə çatdırıb: "Elçin müəllim atası İlyas Əfəndiyev kimi əsərlərində daim Qarabağın kolorotini, onun təbiətini, füsunkarlığını qələmə alıb. Mən Elçin müəllimin hələ gənclik illərimdə oxuduğum "Şuşaya duman gəlib" hekayəsini, "Bayraqdar" və digər əsərlərini xatırlayıram. Buna görə də arzu edirəm ki, Şuşada və eləcə də Füzulidə bərpa olunacaq kitabxanalarda Elçin müəllimin kitablarından ibarət guşə yaradılsın və bu təşəbbüsü ilk olaraq Elçin müəllimin başlatdığı orada qeyd olunsun".

Sonra Elçinin kitabxanaya hədiyyə etdiyi kitablara baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR