Xalq şairi Musa Yaqub dəfn olunub - FOTO - YENİLƏNİB

Musa Yaqubla vida mərasimi

© APA | Musa Yaqubla vida mərasimi

# 08 may 2021 12:28 (UTC +04:00)

Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, o, İsmayıllı rayonunun Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə şairin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, şair Maarif Soltan, deputatlar Tahir Kərimli, Novruz Aslan, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Novruz Aslan, bədii qiraətçilər Ağalar Bayramov, Pünhan İsmayıllı və başqa ziyalılar çıxış edib, mərhumla bağlı xatirələrini bölüşüblər.

***

12.01

Azərbaycanın Xalq şairi Musa Yaqubla İsmayıllı rayonunda vida mərasimi başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, vida mərasimi şairin yaşadığı Buynuz kəndində keçirilir.

Mərasimdə şairin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, şair Maarif Soltan, deputat Tahir Kərimli, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Musa Yaqub Buynuz kəndində həyat yoldaşının məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, M.Yaqub mayın 7-də vəfat edib, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.

Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. 1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb, həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub.

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.

İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb. 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR