Bakıda Meksika səfirinin fotosərgisi açılıb - FOTO

Meksika səfirinin fotolarından ibarət sərgi

© APA | Meksika səfirinin fotolarından ibarət sərgi

# 28 oktyabr 2021 18:44 (UTC +04:00)

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, fotoqraf Xuan Rodrigo Labardini Flores və gənc rəssam Arzu Əhmədlinin "İncəsənət sərhəd tanımır" adlı birgə yaradıcılıq sərgisi açılıb.

APA-nın məlumatına görə, "Azərkitab" Kitab Mərkəzində baş tutan sərgidə İspaniya, Argentina, Venesuela səfirləri, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi, millət vəkilləri, ictimaiyyəti nümayəndələri iştirak edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında xalqlar arasında mədəni əlaqələrin rolu haqqında danışıb. O, bildirib ki, belə tədbirlərin keçirilməsi mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir: "Biz bu əsərlərdə bütün Azərbaycana münasibətinizi, sevginizi görürük. Əgər siz Azərbaycanı belə gözəlliklərlə fotolara köçürmüsünüzsə, demək ki, Azərbaycan sizin qəlbinizə də belə köçüb. Biz bugünkü sərgini həm də sizin tərəfinizdən istedadlı bir qıza verilən dəstək kimi görürük. Doğurdan da sənət, mədəniyyət körpüləri çox güclüdür. Belə tədbirlərin keçirilməsi dövlətlərimiz arasında əlaqələri də gücləndirir."

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Xuan Rodrigo Labardini Flores bildirib ki, o fotoşəkillərdə Azərbaycan və Meksika həyatının elementlərini təsvir edir: "İncəsənət sərhəd tanımır. Biz bir-birimizdən öyrənir, inkişaf edirik. Mən bir müddətdir ki, Azərbaycanda yaşayıram və ölkənizi seyr edirəm. Siz bu fotoşəkillərdə şəhərinizi, küçələrinizi görəcəksiniz. Ümid edirəm ki, bu sərginin davamı gələcək".

Qeyd edək ki, sərgidə Xuan Rodrigo Labardini Floresin Azərbaycan və Meksikanın görməli yerlərinin və memarlıq abidələrinin yer aldığı 20 fotosu, gənc rəssam Arzu Əhmədlinin isə 10 rəsm əsəri nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR