Milli Kitabxanada Qarabağla bağlı iki kitab təqdim olunub

Milli Kitabxanada təqdimat

© APA | Milli Kitabxanada təqdimat

# 04 noyabr 2021 15:26 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Kitabxanasında “Qarabağ dastanı: Otuz ilin həsrəti – 44 günün zəfəri”, “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov kitablar haqqında geniş məlumat verib. O, bildirib ki, "Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı" kitabı Milli Kitabxananın Zəfər Gününə hədiyyəsidir: "Bu gün biz zəfər bayramı ilə əlaqədar olaraq iki kitabın təqdimatına yığışmışıq. Kitablardan biri Azərbaycan Yazıçılar Birliyi tərəfindən hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” ikinci kitab isə "Şuşa-Azərbaycan mədəniyyət paytaxtı" adlı biblioqrafiyadır. İkinci kitab mədəniyyət paytaxtımız olan Şuşa şəhərindən bəhs edir. Kitabın qalınlığı Şuşanın mədəniyyətinin zənginliyindən xəbər verir. Burda Şuşanın tarixinə dair yazan insanların materiallarından istifadə etmişik".

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli nazirliyin vətənpərvərlik mövzusunda kitabların nəşrinə start verdiyini deyib. O, bildirib ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Qarabağla bağlı 30-dan çox kitab sərgilənib: “Bundan sonra da Qarabağla bağlı ard-arda kitablarımız işıq üzü görəcək. Bu yaxınlarda isə ard-arda iki böyük sərgidə - Moskva Beynəlxalq Kitab Sərgisi və Frankfurt Kitab Sərgisində iştirak etdik. Həmin sərgilərə Qarabağla bağlı kitablar aparmışdıq. Orda bu kitablarla çox maraqlandılar. Bu il Moskva Kitab Sərgisində ermənilərin stendində Qarabağla bağlı heç bir kitab yox idi. Frankfurt sərgisində isə Ermənistan bu il iştirak etməmişdi. Artıq özləri də bunu qəbul edir ki, onların mifləri darmadağın olub".

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi tərəfindən hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabında yazıçıların Qarabağla bağlı düşüncələrinə, xatirələrinə yer verilib.

Azərbaycan Milli Kitabxanasının hazırladığı "Şuşa-Azərbaycan mədəniyyət paytaxtı" adlı biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır. Şuşanın işğaldan azad olunması münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR