Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” kitabının təqdimat mərasimi keçirilib - FOTO - VİDEO

Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” kitabının təqdimat mərasimi keçirilib - FOTO  - VİDEO
# 10 noyabr 2021 19:37 (UTC +04:00)

Bu gün yazıçı, APA-nın redaktoru Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” (azad olunmuş ərazilərdən ilk reportajlar toplusu) adlı yeni kitabının təqdimat mərasimi və imza günü keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri Aqil Abbas, Sabir Rüstəmxanlı, Arzu Nağıyev, Qüdrət Həsənquliyev, Ceyhun Məmmədov, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər şəxslər iştirak edib.

APA Group”un baş direktoru Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin ildönümü qeyd olunur: “Torpaqlar azad olunandan sonra mediada sanki bir yarış vardı ki, Müzəffər Ordumuzdan sonra o torpaqlara ilk səfərləri kim edəcək, o torpaqlara ilk kim ayaq basacaq, oradan təəssüratlarını necə yazacaq. Müharibə bitəndən sonra Azərbaycan azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərilməsi üçün beynəlxalq qurumlara müraciət etdi. Məqsəd işğaldan azad olunmuş ərazilərimizdəki abidələrin ermənilər tərəfindən hansı vəziyyətə salınması, hansı vəhşiliklərə məruz qalması ilə bağlı monitorinqlərin aparılması idi. Lakin bilirsiniz ki, onlar bu günə qədər də bu ərazilərə gəlməyiblər. Həmin vaxt biz qərara gəldik ki, abidələrimizə qarşı baş verən vandallıqları ayrıca araşdıraq. Bilirdik ki, o ərazilərə səfər etmək təhlükəlidir, xüsusən mina təhlükəsi vardı. Buna baxmayaraq, bu missiyanı yerinə yetirə bildik. Mirmehdi kitabı hazırlayanda qərara gəldik ki, onu şəhidlərimizin, o cümlədən şəhid həmkarlarımız Sirac Abışovla Məhərrəm İbrahimovun xatirəsinə həsr edək. Bu yazıların çox yaxşı bir tərəfi var ki, onlar APA informasiya agentliyində rus və ingilis dillərində də yayımlanıb. Biz çalışacağıq ki, gələcəkdə də bu missiyanı davam etdirək”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından “Zəfərin izi ilə” kitabı əhəmiyyətlidir:

“Media Agentliyi olaraq bu tədbirə dəvət olunanda çox sevindik. Çox maraqlı bir nüansdır ki, mediamız həm 44 günlük müharibə dövründə, həm də keçən bir ildə həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində gördüyü işlərin tarixə köçürülməsi prosesi gedir. Bu kitabın rus və ingilis dillərində olması onun xüsusi əhəmiyyətindən xəbər verir. Çünki sözügedən həqiqətlərin dünyaya, beynəlxalq təşkilatlara çatdırmalısı çox önəmlidir. Biz düşünürük ki, belə bir kitabların olması, ümumiyyətlə, mediamızın belə bir uğurları çox yaxşı haldır. Biz Media Agentliyi olaraq gələcəkdə belə layihələrdə iştirak etməkdə qərarlıyıq”.

"APA Group"u təbrik edən Ə.İsmayılov əlavə edib ki, APA əslində informasiya cəmiyyətində artıq öz sözünü demiş, qərəzsiz, obyektiv məlumatların əksini tapdığı bir media qrupudur: “Azərbaycanda informasiya agentlikləri içərisində APA-nın xüsusi yeri var. Həmişə belə qərəzsiz, doğru məlumatların mənbəyi olasınız və bizim Ali Baş Komandanın rəhbərliyi altında zəfərimizin, haqq səsimizin dünyaya çatdırmalısında, uğurlu rol oynayasınız”.

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Qarabağın işğaldan azad edilməsindən sonra bu cür kitabların yazılması çox mühüm əhəmiyyət kəsb edir: “Kitab çox ciddi bir kitabdır və çox ciddi bir prosesin başlanğıcıdır. Mirmehdi bizim istedadlı qələm sahiblərindən biridir. Hələ çox kitablar yazılacaq. Mən kitabla tanış olanda onun necə riskli bir yol keçdiyini gördüm”.

Sonra Mətbuat Şurasının sədri Ə.Amaşov kitabla bağlı fikirlərini səsləndirib: "Bu gün biz "APA Media Groupun" layihəsi olan "Zəfərin izi ilə" kitabının təqdimatına toplaşmışıq. Bu layihə üzrə işıq üzü görən yazıların bir neçəsi ilə tanış olmuşam. Bu yazılar kifayət qədər vacib yazılardır. Ona görə vacibdir ki, bu kitabda ermənilərin məkrli siyasəti, 30 ildə Qarabağda şəhərlərimizin, evlərimizin, abidələrimizin başına gətirdiyi oyunlar haqqında geniş məlumat var. Bu kitab on ildən sonra da, əlli ildən sonra da tarixi mənbə kimi istifadə olunacaq. Belə əsərlər bizim həm bu günümüz üçün, həm də sabahımız üçün olduqca vacibdir".

Çıxışının sonunda Mirmehdi Ağaoğlunu təbrik edən Ə.Amaşov müəllifin bir sıra bədii əsərlərini oxuduğunu vurğulayaraq onun kifayət qədər təcrübəsi yazıçı olduğunu diqqətə çatdırıb. Şura sədri kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə şəhid Sirac Abışovun qardaşı Şirzad Abışov da çıxış edib.

Mirmehdi Ağaoğlu yazıları hazırlayarkən üzləşdiyi çətinliklərdən danışıb. O, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Azad olunmuş torpaqlara qayıtmağımızın səbəbkarı şəhidlərimiz, qazilərimizdir. Məhz buna görə də kitabı onlara həsr etmişik. Azad edilmiş ərazilərdə bizim üçün ən böyük təhlükə mina təhlükəsi idi. Oxucular kitabda 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmənin vəhşilikləri nəticəsində tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdüyü acınacaqlı vəziyyətlə tanış ola bilərlər”.

Qeyd edək ki, kitabın ideya müəllifi Vüsalə Mahirqızı, redaktoru Nurşən Quliyev, bədii redaktor və korrektoru Elnaz Eyvaz, dizayneri Mahir Vəliyev, fotoqraf İlkin Nəbiyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR