“Neftçi” klubunu Rumıniyaya aparan təyyarə Simferopol hava limanına məcburi eniş edib

“Neftçi” klubunu Rumıniyaya aparan təyyarə Simferopol hava limanına məcburi eniş edib
# 25 iyul 2008 11:08 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-SPORT. “Neftçi” tarixində ilk dəfə çıxış etdiyi İntertoto kubokunda sabah sonuncu oyununu keçirəcək. “APA-SPORT” agentliyinin məlumatına görə, dördqat Azərbaycan çempionunun UEFA kubokuna yüksəlib-yüksəlməyəcəyi Rumıniyanın “Vaslui” klubu ilə cavab görüşündən sonra bəlli olacaq.
Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən komandamız səfər oyunu öncəsi üstünlük qazanıb. Bu isə o deməkdir ki, istənilən hesablı heç-heçə “Neftçi”ni növbəti mərhələyə çıxaracaq.
Rumıniyalıların Bakıda qol vurması onlara əlavə üstünlük verir. Yəni, “Vaslui”yə UEFA kubokuna yüksəlmək üçün 1:0 hesablı qələbə də yetərlidir. Avrokuboklarda iki mərhələyə adlayan ilk klubumuz olan “Neftçi” İntertotonun qalibi kimi daha böyük tarix yaza bilər. Flaqman İntertotoda “Nitra” (Slovakiya) və “Jerminal”ın (Belçika) ardınca “Vaslui” səddini keçməklə, UEFA kubokunun ikinci təsnifat mərhələsinə yüksələcək. Klublarımız arasında yalnız “Karvan” iki il öncə bu mərhələnin iştirakçısı olub. Həmin vaxt “Karvan”ın kapitanı olan türkmənistanlı yarımmüdafiəçi Nazar Bayramov indi “Neftçi” ilə bu uğura yazındır. 1995-ci ildən avrokuboklarda çıxış edən “Neftçi” indiyədək yalnız bir dəfə ilk oyunda öz meydanında 2:1 hesablı qələbə qazanıb. 1996-cı ilin iyulun 17-də UEFA kuboku çərçivəsində keçirilən həmin görüşdə Sofiyanın “Lokomotiv” klubu üzərində qazanılan qələbə klublarımızın qitə miqyaslı turnirdə ilk qalibiyyəti olub. Ancaq bir həftə sonra səfərdə böyük hesabla (0:6) uduzan komandamız mübarizəni davam etdirə bilməyib. İndiyədək avrokuboklarda Rumıniyada yeganə oyunumuz də uğursuz olub. Belə ki, Bakının “Dinamo” klubu UEFA kubokunda 1998-ci ildə iyulun 22-də “Arceş”lə görüşdə debüt edib və böyük hesablı uduzub – 1:5.
“Neftçi” “Vaslui” ilə cavab görüşünə ciddi itkilərlə çıxacaq. Komandamızın üç futbolçusu - Rəşad Sadiqov, Aleksandr Çertoqanov, Vladimir Olefir “Vaslui” ilə Bakıdakı matçda sarı vərəqə almaqla, cəzalı duruma düşüb. Braziliyalı hücumçu Joze Karlos pasport probleminə, Eşqin Quliyev isə 19 yaşlılardan ibarət yığmamızın heyətində Türkiyədə hazırlıq prosesində yer aldığı üçün heyətdən kənarda qalıb. Samir Əliyevlə Svetoslav Stefanov isə zədəli olduqlarından adları UEFA-ya göndərilən iştirak ərizəsinə salınmayıb. İntertoto oyunlarına 22 futbolçu sifariş edən “Neftçi”nin ukraynalı baş məşqçisi Anatoli Demyanenkonun sabahkı vacib görüşdə sərəncamında 17 futbolçu qalıb. Müdafiəçi Rail Məlikov cəzası başa çatdığı üçün “Vaslui” ilə cavab görüşündə meydana çıxa biləcək. Komandanın kapitanı Zaur Tağızadənin zədə ilə bağlı ciddi problemi yoxdur. Sabah Bakı vaxtı ilə 23:30-da “Munisipial Vaslui” stadionunda başlayacaq oyunu Robert Şergenhofer başçılıq etdiyi avstriyalı hakimlər idarə edəcək.
Az öncə yayılan xəbərlərə görə, “Neftçi” klubunu Rumıniyaya paran təyyarə məcburən Simferopol hava limanına enib. Buna səbəb təyyarənin yanacaq çatışmazlığı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR