Azərbaycan yığmasının iki futbolçusu “Ayntraxt” klubuna yollanır

Azərbaycan yığmasının iki futbolçusu “Ayntraxt” klubuna yollanır
# 05 noyabr 2008 09:00 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) iki futbolçusu Almaniyaya yollanacaq. “APA-Sport”un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Emin Mehdiyevlə Andrey Popoviç Frankfurtun “Ayntraxt” klubunda yer alacaq.

Azərbaycanın U-17-nin alman baş məşqçisi Bernard Lippert vaxtilə bu komandada çalışıb. Beynəlxalq təşkilatlar və klublarla əlaqələrini genişləndirmək məqsədilə mütəmadi tədbirlər həyata keçirən AFFA rəhbərliyi bu ilin iyununda Frankfurtda səfərində “Ayntraxt”ın rəhbərliyi ilə görüşüb. Qarşılıqlı əməkdaşlığın perspektivinin müzakirəsinə həsr olunan görüşdən sonra “Ayntaxt”ın nümayəndələrinin ölkəmizə səfəri olub.

Oktyabrda AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov “Ayntraxt”ın prezidenti Peter Fişer və klubun hüquqşünası Axel Hellmann ilə görüşdə ilin sonunadək qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanması haqda razılıq əldə olunub. İlkin razılığa əsasən, Eminlə Andrey FİFA və UEFA-nın qaydalarına uyğun bu komandanın heyətində təlim-məşq toplanışında iştirak edəcək. Bu ayın 15-20-si aralığında səfərə gedəcək futbolçularımız bir aylıq hazırlıq prosesində yer alacaq. AFFA rəhbərliyi bu tipli danışıqları davam etdirərək, perspektivli futbolçuların xarici ölkələrin aparıcı klublarında təcrübə keçməsinə hərtərəfli zəmin yaradacaq. U-17-nin 4 futbolçusu bu ay Madridin “Real” klubunun təlim-məşq toplanışında yer alacaq.

Qeyd edək ki, yığmamızda oynamağa razılıq verən “Ayntaxt”ın 13 yaşlılardan ibarət komandasının türk futbolçusu Cem Felek bu ayın ikinci yarısında atası ilə birgə Bakıya AFFA ilə müqavilə imzalamağa gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR