Ağasəlim Mircavadov: “Foqtsun bizim məşqçilərin səviyyəsinə şübhə etməyə ixtiyarı yoxdur”

Ağasəlim Mircavadov: “Foqtsun bizim məşqçilərin səviyyəsinə şübhə etməyə ixtiyarı yoxdur”
# 05 noyabr 2008 10:48 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. “Foqtsun Azərbaycanda çalışan məşqçilərin səviyyəsinin aşağı olması ilə bağlı söylədiyi fikirlərlə razı deyiləm. O, burada işləyən həmkarları ilə söhbətləşmədiyi, futbol fəlsəfəsini açıqlamadığı halda, onlar barəsində pis fikrə düşməsi düzgün sayılmır. Almaniyada gözəl məşqçilər var, amma Foqtsun ölkəmizdəki çalışdırıcıların səviyyəsinə şübhə etməyə ixtiyarı yoxdur”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Milli komandamızın baş məşqçisi Berti Foqts Azərbaycanda işləyən məşqçilərlə bağlı həmyerlisi, Belarus yığmasına rəhbərlik edən Bernd Ştangeyə şikayətlənib. Bundan narazı qalan Mircavadov isə qarşı tərəfi günahkar hesab edir: “Ştange Belarus milli komandasında köməkçi işləyən belarusluların səviyyəsini artırır. Hörmət bəslədiyim Foqts da belə etməlidir. Bura gəlibsə, yerli məşqçini özünə köməkçi götürməli, onları öyrətməlidir. Yoxsa hər məşqçi öz komandası ilə gəlir, sonra da çıxıb gedir. Bəs bunun axırı necə olacaq? Bu yolla inkişafa nail olmaq qeyri-mümkündür. Əcnəbi məşqçi çalışdığı ölkədə mütləq iz qoymalıdır. Baş məşqçi postundan getdisə, onun işini köməkçisi davam etdirməlidir”.

Hazırda işsiz olan 61 yaşlı mütəxəssis vurğulayıb ki, Belarus futbolunun bizimkindən üstün olması təsadüfi deyil: “BATE klubunun Çempionlar Liqasının qrup mərhələsinə düşməsi xeyli vaxtdır görülən düzgün işin nəticəsidir. Hələ 1999-cu ildə, olimpiya yığmamıza rəhbərlik etdiyim zaman BATE ilə Antalyada yoldaşlıq görüşümüz 1:1 hesabı ilə nəticələnmişdi. Həmin vaxt BATE-nin baş məşqçisi Anatoli Baydaçnı mənə Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəklərini demişdi. Klub infrastrukturuna, uşaq futboluna diqqət yetirən belaruslular indi bunun bəhrəsini görürlər”.

Məşqçilərimizin səviyyəli olduğunu bildirən Mircavadov onlara güvənməyin vacibliyini söyləyib. Onun sözlərinə görə, tez-tez baş məşqçi dəyişikliyi futbolumuzun ziyanına işləyir: “Yaxşı məşqçilərimiz var və futbolumuzun inkişafı onlarla bağlıdır. Sadəcə, belələrinə inanıb, vaxt vermək lazımdır. Bizdə isə çox tez-tez məşqçini işdən çıxarırlar. Yığmanın inkişafı klublarımızın güclənməsindən asılıdır. “Neftçi” rəhbərliyi yığmanın kapitanını layiq olmadığı halda, əvəzedici komandaya göndərir. Bundan sonra nədən danışasan? Açığı, söz tapa bilmirəm. Futbolçu barəsində ciddi ölçü götürmək üçün fakt olmalıdır. Əgər “Neftçi” kənarlaşdırdığı futbolçuları əvəzedicilərə göndərirsə, belə çıxır ki, onlar əsas komandaya qaytarılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR