“Qəbələ” klubunun baş məşqçisi: “Yayda transfer etdiyimiz futbolçular komandadan kənarlaşdırılacaq”

“Qəbələ” klubunun baş məşqçisi: “Yayda transfer etdiyimiz futbolçular komandadan kənarlaşdırılacaq”
# 10 noyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. “Hazırda qərarlaşdığımız 10-cu pillə komandamızın potensialına uyğun gəlmir. Bir sıra oyunlarda bizə qarşı edilən haqsızlıqlar xal itkiləri ilə nəticələndi. Bunlar olmasaydı, indi daha yuxarılarda idik”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan Premyer Liqasının son turunda böyük hesabla uduzan (0:3) “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Ötən mövsümlə müqayisədə uğursuz çıxışlarını daha çox zədə epidemiyası ilə bağlayan Məmmədovun fikrincə, mövsümlərarası fasilədə edilən transferlər ümidləri doğrultmur: “Komandaya gətirdiyimiz futbolçuların oyunu istənilən səviyyədə deyil. Bunda da zədənin təsiri var. Kənan Kərimov, Fərrux İsmayılov, Qoqa Beraya, Cahangir Həsənzadə, Fərzad Hatəminin sağlıq durumunda problem qalmaqdadır. Qış fasiləsində heyətimizdə böyük dəyişikliklər edəcəyik. Komandadan çıxarılan futbolçular arasında yayda gələnlər də olacaq. “Qəbələ” ikinci dövrədən yenidən öz sözünü deyəcək. Mükafatçılar sırasına düşməyimiz möcüzəyə bənzəyir. Amma çempionatla müqayisədə kubokda şansımız daha yaxşıdır. Biz kubokda çoxları üçün narahat rəqibik”.

Komandasının fiziki hazırlığının qaydasında olduğunu deyən Məmmədov, həmçinin bildirib ki, zəif çıxışlarında təqvimin də rolu var: “Dörd oyun ardıcıl səfərdə çıxış etmək dünyada analoqu olmayan haldır. Təqvimi tərtib edənlərin sayəsində günümüz yollarda, səfərlərdə keçir. Bu, komandanın ruhunu qırır. Komandamız haqsızlıqların qurbanı olur. Elə şeylər var ki, onları demək olmur. Konkret danışsaq, onda siyasətə keçmiş olacağıq. Mən isə siyasətə qarışmaq istəmirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR