Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 9 pillə irəliləyib

Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 9 pillə irəliləyib
# 12 noyabr 2008 10:33 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. “APA-Sport”un məlumatına görə, oktyabrda iki oyun keçirən
Azərbaycan yığması ötən reytinqlə müqayisədə 9 pillə irəliləyib. Hesabına daha 17 xal əlavə edən milli komandamız 208 xalla 134-cü pilləyə yüksəlib. Bu, Berti Foqtsun yığmamızı çalışdırdığı 7 ayda ən böyük irəliləyişdir.

Oktyabrda dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiyaya uduzan (0:1), Bəhreynə yoldaşlıq görüşündə qalib gələn (2:1) Azərbaycan UEFA-nın reytinqində 48-ci pillədəki mövqeyini qoruyub. Cari ildə seçmə mərhələ oyunlarını başa vuran yığmamızın noyabrın 19-da Bakıda yoldaşlıq görüşündə üz-üzə gələcəyi Albaniya millisi 410 xalla 86-cı yerdədir.

Qrupumuzdakı rəqiblərə gəlincə, Almaniya və Rusiya yığması yenə də ilk “onluq”da qərarlaşıblar və bir pillə irəliləyiblər. Almanlar (1413 xal) 2-ci, ruslar (1079 xal) 8-ci yerə yüksəlib. Beş pillə geriləyən Finlandiya (611 xal) 48-ci yerdə düşüb. Cəmi bir pillə geriləyən Uels (518 xal) 62-ci yerdə qərarlaşıb. Milli komandamızın cari seçmə mərhələdə yeganə xal qazandığı Lixtenşteynin 17 pillə geriləməsi isə axır ki, “cıtrdan ölkə”nin təmsilçilərini qabaqlamağımıza imkan yaradıb. Hesabında 145 xal olan lixtenşteynlilər 152-ci pilləyə düşüb.

Siyahıya yenə də İspaniya (1657 xal) başçılıq edir. İtaliya (1365 xal) 3-cü yerə düşdüyü halda, Türkiyə 13-cü (1032 xal) pillədə qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR