"Aşdod"un baş məşqçisi: "İstəyərəm ki, "Qarabağ" doğma stadionunda oynasın"

"Aşdod"un baş məşqçisi: "İstəyərəm ki, "Qarabağ" doğma stadionunda oynasın"
# 22 iyul 2021 22:22 (UTC +04:00)

“Komandamı, xüsusən də, müdafiəçilərimizi qeyd etmək istəyirəm. Yaxşı müdafiə olunduq".

Apasport.az saytının məlumatına görə, bunu “Aşdod”un baş məşqçisi Ran Ben Şimon Konfrans Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

51 yaşlı mütəxəssis matçdan sonrakı mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Cavab oyununa 0:0-la başlayacağıq. Ümidimizi davam etdiririk. Təəssüf ki, meydançanın durumu çox pis idi. Amma güclü komandaya qarşı oynayırdıq".

- "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
- "Qarabağ"ın ötən mövsüm "Makkabi" ilə oyunlarını, həmçinin Avstriya toplanışındakı yoxlama görüşlərini izləmişəm. Rəqib yaxşı futbol oynasa da, müdafiə xəttimizi yara bilmədi. Ümid edirəm ki, bu mübarizəni İsraildə də davam etdirəcəyik.

- İsraildə də meydançaların vəziyyəti belədir?
- İsraildə meydançalar bundan daha yüksək səviyyədədir.

- Cavab matçında kim daha çox risk edəcək?
- Bu matçdan sonra şanslar yarı-yarıyadır. "Qarabağ"ın keyfiyyətini də nəzərə almaq lazımdır. Nəticənin necə olacağını biz yox, Allah bilir.

- Bu nəticəni sizin üçün sərfəli saymaq olar?
- İstənilən dəyişiklik yenilik gətirir. Bu gün daha çox müdafiəyəmeyilli oynadıq. Amma cavab görüşündə hər iki tərəf hücum oyunu göstərəcək. Bu gün rəqib 10 nəfərlə qaldıqdan sonra hücum barədə düşündük. 14 ildən sonra yenidən avrokuboklarda oynayırıq. Getdikcə daha yaxşı oynayacağımıza əminəm.

- Ot örtüyü ideal vəziyyətdə olsaydı, "Aşdod" daha yaxşı futbol oynayardı?
- Əminəm ki, meydançanın durumu hər iki komandanın oyun keyfiyyətinə təsiri oldu.

- Oyundan sonra birbaşa meydançaya futbolçulara tərəf getdiniz. Halbuki Qurban Qurbanov sizinlə görüşmək üçün gəlirdi. Bu sizdə adətdir?
- Qurban Qurbanovun həm futbolçu, həm də məşqçi karyerasına bələdəm. Onu böyük məşqçi sayıram. Ola bilər ki, həmin anda görməmişəm. Mətbuat konfransında onunla görüşməyə çalışacağam. Bakıdakı qonaqpərvərliyə görə təşəkkür edirəm.

- Müharibə dönəmində İsrail Azərbaycana dəstək verdi. "Qarabağ" yaxın zamanda Ağdamda futbol oynayacaq. "Aşdod" Ağdamda "Qarabağ"la yoldaşlıq görüşü keçirməyə razılıq verərmi?
- Mən idmanı təmsil edirəm və sülhün tərəfdarıyam. İstəyərəm ki, "Qarabağ" doğma stadionunda oynasın. Amma idmanla siyasəti qarışdırmağın tərəfdarı deyiləm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR