Azərbaycanlı məşqçi İranın 3 klubundan təklif alıb

Ramiz Məmmədov

© APA | Ramiz Məmmədov

# 15 oktyabr 2021 13:15 (UTC +04:00)

“Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov yenidən İranda çalışa bilər.

Bu barədə 53 yaşlı mütəxəssis özü apasport.az saytına məlumat verib.

Vaxtilə İranda bir neçə klubun formasını geyinmiş Məmmədov bu dəfə baş məşqçi kimi orada fəaliyyət göstərmək variantının olduğunu bildirib. O, hətta bu günlərdə qonşu ölkəyə yollanaraq, danışıq da aparıb: “İki gün İranda oldum. Bir menecer var, onunla görüşdüm. Heç bir klub rəhbərliyi ilə görüşüm olmayıb. Danışığın ilkin mərhələsi baş tutub. İndi həmin menecerdən xəbər gözləyirəm”.

Ramiz Məmmədov danışıq aparılan klubların adlarını da açıqlayıb: “Menecer Buşerin “Şahin” klubu, həmçinin “Maşinsazi” və “Saypa” ilə danışıq aparır. “Şahin” klubunun rəhbərliyi məni əvvəllər də istəmişdi. Həm “Maşinsazi”, həm də “Saypa” yüksək liqanı yeni tərk edib. Menecerə də dedim ki, əgər yüksək liqaya qayıtmaq hədəfləri varsa, yaxşı oyunçular yığacaqlarsa, çalışmağa hazıram”.

Təcrübəli mütəxəssis İranda çalışıb-çalışmayacağına tezliklə aydınlıq gələcəyini də vurğulayıb: “Adlarını çəkdiyim klublardan biri ilə razılıq əldə olunsa, 10 gün ərzində yenidən sənədlərimi toplayacam və İrana gedəcəyəm. Əgər sənədlərlə bağlı gecikmə yaranacağını görsək, o zaman buradan həmin menecerə vəkalətnamə yollayacam, mənim əvəzimə o müqaviləyə qol çəkəcək. Məsələyə bu ay konkret aydınlıq gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR