Canni de Byazi: “Göstərmək istəyirik ki, bizi udmaq, bizə qarşı oynamaq asan deyil”

Canni de Byazi

© APA | Canni de Byazi

# 10 noyabr 2021 17:37 (UTC +04:00)

“Hamınızın bayramını təbrik edirəm. Zəfər Gününüz mübarək".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Azərbaycan dilində danışarkən deyib.

65 yaşlı italiyalı çalışdırıcı DÇ-2022-nin seçmə mərhələsində sabah Bakı Olimpiya Stadionunda Lüksemburqla keçiriləcək son oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Millinin qrup sonuncusu olacağı dəqiqləşib. Bu mənada sabahkı oyuna futbolçuları motivasiya etmək çətin olmayacaq?
- Uşaqlar çox istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq, bizə qarşı oynamaq asan deyil. Bunu Portuqaliya və Serbiya ilə oyunlarda da göstərdik. Amma bunu sabah öz meydanımızda da göstərməliyik.

- AFFA-nın türkiyəli mütəxəssislərlə danışıq aparması sizin işinizə və futbolçularla münasibətinizə nə dərəcədə təsir edir?
- Bu baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm, saytları, medianı izləmirəm. Öz işimi maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Heç kim bizim qrupda 1-ci, 2-ci və 3-cü yeri tutacağımızı gözləmirdi. İllüziyalarla yaşamırıq. Cavan oyunçulara səbir və inkişaf üçün vaxt lazımdır.

- Mert Çelik və Cəlal Hüseynov kimi gənc mərkəz müdafiəçilərini yığmaya çağırmısınız. Onlardan birini sabah start heyətində meydanda görə bilərik?
- Mertin bir az problemləri var. Çalışacağıq bunu bərpa edək ki, qaydasında olsun. Start heyətində yer almayacaq. Cəlal isə gəncdir, keyfiyyəti var. Çalışacağıq ki, iki oyundan birində ona şans verək.

- Mahir Emrelinin sabah qol həsrətinə son qoymasını gözləmək olar?
- Mahir üçün sabah vacib odur ki, sakit oyun göstərsin. O, ayaqla da, başla da qol vura bilir. Qol özü gələcək, şanslar olacaq. Lüksemburqla ilk görüşdə də şanslar olmuşdu. Qol barədə düşünməməlidir. Qol özü gələcək.

- Rəqibinizin baş məşqçisi bildirdi ki, Millətlər Liqasını düşünürlər və sabah heyətdə dəyişikliklər edəcək. Siz heyətdə rotasiya etməyi düşünürsünüzmü?
- Sabah bir az fərqli heyət görəcəyik. Bu bəhanə deyil. Amma bəzi oyunçularımız zədə səbəbindən sabah bizimlə olmayacaq. Lüksemburq yaxşı komandadır, 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Onların heyətində "Borussiya"nın oyunçusu var. Bizim isə cəmi 8 komandamız var. Proqram şəklində layihə hazırlamaq lazımdır. Yavaş-yavaş inkişaf etmək olar.

- Hər açıqlamanızda deyirsiniz ki, bizə vaxt lazımdır. Növbəti dəfə vaxt verilməsi üçün hansı layihələri AFFA-ya təqdim edəcəksiniz? Bunların içində Premyer Liqada komanda sayının artırılması və limit məsələsi olacaq?
- AFFA mənim fikirlərimi təxminən bilir. Hansı oyunçularla oynadığımızı da bilir. Renat Dadaşov 12 ay yox idi, Bədavi Hüseynov uzun müddətdir zədəlidir. Cəmi 40 oyunçu var, onlar arasında seçim edirik. Gənc futbolçular çox olmalıdır. Gələcəkdə millimizdə daha keyfiyyətli oyunçular olması üçün gənclərə üstünlük vermək lazımdır. Həyatda heç nə bir günə həll olunmur. Bunun üçün vaxt lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR