Direktor: “Bakı Olimpiya Stadionu Avropa çempionatının oyunlarını qəbul etməyə tam hazırdır”

#

© APA | Cavid Qarayev

# 12:53
9 iyun 2021

“Bakı Olimpiya Stadionu Avropa çempionatının oyunlarını qəbul etməyə, tədbirin təşkilinə tam hazırdır”.

Bunu apasport.az saytına Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev AVRO-2020-nin startı öncəsi arenadakı son durumla bağlı məlumat verərkən deyib.

O bildirib ki, qitə birinciliyinin 4 matçını qəbul edəcək BOS bunun öhdəsindən layiqincə gəlmək iqtidarındadır: “Bakı Olimpiya Stadionu matçları qəbul edən arenalar arasında öncüllərdəndir. Bu stadionun bir neçə özəlliyi var. İlk növbədə infrastruktur olaraq çox yaxşı şəraitimiz var. UEFA nümayəndələri də bunu hər zaman qeyd edirlər. Stadionumuz təşkilat baxımından böyükdür, avtomobillərin park olunması üçün məkanlar çoxdur. Hazırlıq zamanı bunlar da ciddi rol oynayır. Həmçinin azarkeşlərin arenaya gəlişi və gedişi də rahatdır. Bütün bunlar tam hazırlıq işlərində UEFA nümayəndələrinin işini asanlaşdıran məqamlaqdır”.

Cavid Qarayev AVRO-2020 ilə bağlı yenilikdən də bəhs edib. Bu isə yeni inşa olunan keçid məntəqələri ilə bağlıdır: “Əvvəlki tədbirlərdə keçid məntəqələri çadır formatında idi. Ötən ildən otaq kimi infrastruktur inşa olunub. Azarkeşlər ora daxil olacaq, yoxlamadan keçəcək və stadionun ərazisinə keçəcək. Oranı idarə edən xüsusi orqanların da işi rahat olacaq. Hər halda çadırın altında fəaliyyət göstərməklə yüksək şəraitli otaqda olmaq arasında böyük fərq var. Axı bunun küləyi, istisi var. Artıq bu infrastruktur binaların içinə daxildir”.

Avropa çempionatını qəbul edən bəzi stadionlarda yoldaşlıq görüşləri təşkil olunsa da, BOS direktoru Bakıdakı arenanın buna ehtiyac duymadığını vurğulayıb: “Təbii ot örtüyü matçları qəbul etməyə yüz faiz hazırdır. Bunu UEFA nümayəndələri gəlib qeyd ediblər. Biz sınaqdan 2019-cu ildə Avropa Liqasının finalında keçmişik. UEFA da sınaq mərhələsini geridə qoyduğumuzu təsdiqləyib. Bu baxımdan yoldaşlıq görüşü təşkil edərək stadionun sınaqdan keçirilməsinə ehtiyac duyulmadı”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin ilk oyunu iyunun 12-də İsveçrə ilə Uels arasında keçiriləcək. Həmçinin ayın 16-da Türkiyə - Uels, 20-də İsveçrə - Türkiyə qarşılaşmaları, eyni zamanda iyulun 3-də 1/4 final mərhələsinin bir görüşü də paytaxtımızda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR