Hakimi vuran futbolçu: “AFFA hara baxır, göz görə-görə rəqibə “işlədi”

Hakimi vuran futbolçu: “AFFA hara baxır, göz görə-görə rəqibə “işlədi”
# 29 noyabr 2021 16:39 (UTC +04:00)

“Turnir cədvəlində birinci yerdəyik. 2:0 hesabı ilə öndə olduğumuz oyunu rəqibin öz gücünə 2:2-yə çevirməsi mümkünsüz bir şey idi”.

Bunu apasport.az saytına açıqlamasında Region Liqasının Şimal-Qərb regionunun V turunda “Şəki” ilə səfər oyunundan sonra hakimi vurduğu üçün qırmızı vərəqə alan “Karvan”ın futbolçusu Eyyub Cabbarov deyib.

Gənc oyunçu 2:2 hesabı ilə yekunlaşan qarşılaşmada hakimin birtərəfli idarəçilik etməsindən gileylənib: “Bilmirəm AFFA hara baxır, belə hakimləri haradan tapıb Region Liqasına göndərir. Oyun zamanı ən azı iki dəfə təmiz penaltimizi vermədi. Komanda 90 dəqiqə əziyyət çəkir, bir nəfərin səhvləri bütün zəhməti hədər edir. Görüş 5 dəqiqədə də uzansaydı, bizi uduzduracaqdı. Hakim göz görə-görə rəqibə “işlədi”. Bütün istəyi “Şəki”ni uddurmaq idi”.

Yevlax klubunun baş məşqçisi Kənan Kərimovun kürəkəni olan 22 yaşlı mərkəz müdafiəçisi matçdan sonra referini vurduğunu da etiraf edib: “Özümü cilovlaya bilmədim, əsəbimdən belə bir hərəkət elədim. İstəməzdim belə olsun. Amma bezdirdi, mən də vurdum. Mənim yerimdə kim olsaydı, bu hərəkəti edərdi. Bir qəpik pul verən yoxdur, hamımız iş-gücümüzü atıb, gəlib tər tökürük, futbol oynayırıq. Heç yolpulumuz verilmir. Ən çox əsəbiləşdiyim o idi ki, Yevlaxdan o qədər azarkeş qələbə qazanmağımız üçün gəlmişdi. Kənan Kərimovun sayəsində bu komanda ayaqda durur. Hər şeyi öz cibindən edir. Bu boyda tər tökürük, hakimin hərəkəti o kişinin əziyyətini yerə vurmaq idi”.

Qeyd edək ki, “Karvan” 5 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR