Henninq Berq: “Qarabağ” çox güclü komandadır"

Henninq Berq: “Qarabağ” çox güclü komandadır"
# 26 noyabr 2021 00:06 (UTC +04:00)

“Çox çətin rəqibə qarşı çıxış etdik. “Qarabağ” çox güclü komandadır”.

Apasport.az saytının məlumatına görə, bunu Kiprin “Omoniya” klubunun baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la heç-heçə (2:2) etdikləri oyundan sonra deyib.

Norveçli mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdən sonra mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Keyfiyyətli oyun oldu. “Qarabağ” qrup birinciliyi üçün mütləq qalib gəlməli idi. Rəqib çox təzyiq göstərdi. Buna görə oyunu müdafiədən qurduq. Bir sıra qol epizodlarımız oldu. Komandamın oyunundan razıyam. İkinci qolumuz gözəl alındı. Bu cür gözəl qolları çox görmürük. Sonuncu dəfə PSV ilə görüşdə belə qol yadıma gəlir”.

- Hakim idarəçiliyi barədə şərh verə bilərsiniz?
- Hakimlər haqda danışmaq istəmirəm. Sadəcə, ikinci sarı vərəqə epizodunu dəqiq görə bilmədim. Hakimin işini normal qiymətləndirirəm.

- Həm “Bazel”, həm də “Qarabağ”ın gücünə bələdsiniz. Qrup birinciliyinə hansı komandanı layiq görürsünüz?
- Şadam ki, hər iki komandadan səfərdə xal almışıq. “Bazel”lə ilk görüşdə qələbə qazana da bilərdik. “Qarabağ”la ilk görüşdə də açıq futbol oynadıq, buraxılan ikinci qoldan sonra hər şey dəyişdi. Hər iki komandanı güclü hesab edirəm.

- Heyətdə 10 dəyişiklik nə dərəcədə doğru idi?
- Bəzən bu cür dəyişikliklər edirik. Çünki bütün futbolçuların oyun ritmində olmasını istəyirik. Bu gün meydanda olan futbolçular gözləmədiyim halda daha yaxşı çıxış etdilər, bir-birlərini əla başa düşdülər.

- Vurulan ikinci qolu komandanızın ifasında tez-tez görə bilərikmi?
- Normalda qapıçı irəli çıxanda oyunçu bundan yararlanır. Hər zaman alınmasa da, bu dəfə baxımlı qol alındı. Qapıçının irəli çıxması futbolçunun zərbə vurmasına gətirib çıxardı.

- Hakim avrokubokların qrup mərhələsində ilk oyununu idarə edirdi. Penaltini təyin etmədiyi halda ədalətli idarəçilik olduğunu düşünürsünüz?
- Hakimlik haqda çox danışmaq istəmirəm. Oyunçumuzun qırmızı vərəqə aldığını bildirim. İkinci sarı vərəqənin nəyə görə verildiyini anlamadım. “Qarabağ” ikinci hissəni say üstünlüyündə keçirdi, buna görə qələbə qazana bilərdi. Son dəqiqələrdə şanslardan yararlana bilsəydik, qələbə də qazana bilərdik. “Qarabağ” çox güclü komandadır. 89-cu dəqiqədə önə keçsələr də, buradan 1 xalla ayrıldığımız üçün özümü xoşbəxt sayıram. Buna görə də uşaqlardan razıyam.

- Müəyyən şərtlər daxilində qrupda 1 və ya 2-ci yeri tuta bilərdiniz?
- Müəyyən şərtlər daxilində bu ola bilərdi. Nəzərə alaq ki, “Bazel” və “Qarabağ” kimi komandalara qarşı oyunun böyük hissəsini bərabər səviyyədə keçirmişik. Onlardan xal da almışıq. Komandamın inkişaf tempindən razıyam. Ümid edirəm ki, getdikcə daha yaxşı olacağıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR