Novruz Əzimov: “Futbolu fikirləşən yoxdur, ancaq “oyunlar” gedir” - MÜSAHİBƏ

Novruz Əzimov: “Futbolu fikirləşən yoxdur, ancaq “oyunlar” gedir” - MÜSAHİBƏ
# 18 noyabr 2021 16:09 (UTC +04:00)

“Bakı”nın sabiq baş məşqçisi Novruz Əzimovun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi AVRO-2022-nin seçmə mərhələsini və 2021-ci ili uğursuz nəticələrlə başa vurdu. Komandamızın çıxışını necə qiymətləndirərdiniz?
- Vallah, utancverici vəziyyətdir. Futbolda gedən proseslər göstərir ki, bu, düzgün yol deyil. İnanın ki, futbolumuzu inkişaf etdirmək olar, ancaq bunun üçün vicdanla çalışmaq lazımdır. Təkcə AFFA-da yox, çox yerdə şəffaf ifadəsi tez-tez işlədirlər, adamda qıcıq yaradır. Vicdansızlıq olan yerdə heç vaxt şəffaflıq ola bilməz. Şəxsən mən o komandaya Azərbaycan millisi demirəm. Keçmiş SSRİ dönəmində SSRİ millisi yox, yığması deyirdilər. Çünki 15 ölkədən oyunçular yığılırdı. Bu gün də Azərbaycanda milli yox, yığma komanda var. Azərbaycan futboluna yanaşma və AFFA rəhbərliyinin bu siyasəti düzgün deyil. Yalandan deyə bilmərəm ki, hər şey yaxşıdır. Axı yaxşı bir şey görmürəm.

- Ancaq əsas millinin baş məşqçisi Canni de Byazi yığmada işlərin yaxşı getdiyini söyləyib...
- Elə U-21-in baş məşqçisi Milan Obradoviç də 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyir ki, çox iş görmüşəm, əsas yığmaya 11 oyunçu vermişəm. U-19, U-21-də olanların əksəriyyəti gələcəkdə əsas yığmaya keçid eləməlidir də. Başqa ölkələrdən yığmalara nə qədər oyunçu gətirirlər. Bunun fonunda nəyə etiraz edirlər? Çox əsəbiləşirəm. Mən də məşqçiyəm, həmkarım haqda danışmaq etik cəhətdən düz deyil. Amma bunlar özlərini elə aparırlar ki, guya əla işləyirlər. Utanmırlar. Bir dəfə desinlər ki, bacarmırıq. De Byazi deyir ki, böyük məmnuniyyətlə qalıb işləmək istəyərəm. Məşqçi kimi yox, Azərbaycan futbolunu sevən insan kimi deyirəm: qardaş, səninlə necə danışıblar, qarşına hansı şərtlər qoyublar, bunu bilmirik. Amma nəticəyə sən cavabdehsən. Əgər bunu bacarmamısansa, deməlisən ki, bağışlayın, ümidlərinizi doğrulda bilmədim. Ancaq digər tərəfdən burda işləmələri onların günahı deyil. Deməli, strategiya düzgün deyil. AFFA-da yığma komandalara məsul olan bütün şəxslər istefaya göndərilməlidir. Futbol mütəxəssislərini çağırıb, onların sözünə qulaq asılmalı, peşəkar səviyyədə iş aparılmalıdır. Düz-əməlli strategiya qurmaq lazımdır. Yığmanın seçmə mərhələdə 1 xal toplaması biabırçılıqdır.

- Bəlkə istər de Byazi, istərsə də Obradoviç düşünür ki, buradakıların futboldan başı çıxmır, nə desək qəbul edəcəklər?
- Bilirsiniz, Nazim Süleymanov iki oyun uduzan kimi istefaya göndərdilər. Haradan idarə olunduğu, baş məşqçini kimin göndərdiyi məlumdur. Elə “oyunlar” qururlar ki... Futbolu fikirləşən yoxdur, ancaq “oyunlar” gedir.

- Məsələn, nə kimi “oyunlar”?
- Kimi istəyirlər təyin edirlər, öz adamları olduğu üçün. Kimi istəyirlər, onlara da işləmək üçün şərait yaradırlar. Əsgər Abdullayev axırda AFFA Məşqçilər Komitəsinə qoşuldu. O, Azərbaycanın ən güclü məşqçilərindəndir. Bir daha təkrarlayıram, Nazim Süleymanov “Sumqayıt”da iki oyun məğlub olan kimi, səs-küy qopardılar. Halbuki 6-7 oyun uduzan məşqçilərə heç nə demədilər, səbəb gətirdilər ki, formalaşma gedir, əladır.

- Belə çıxır ki, işləmək üçün AFFA-nın adamı olmalısan?
- Bəli. Klubların AFFA tərəfindən maliyyələşməsi belə nəticələrin kökündə duran əsas amildir. Klubların daxili işləridir, kim hansı strategiya üzrə çalışır, özü bilər. Amma “Qarabağ” və “Sabah”dan başqa heç bir klub müstəqil deyil.

- Dediniz ki, xaricdən yığmalara oyunçular gətirib milliləşdirirlər. Bizdə futbolçu yetişmir, yoxsa milliləşdirmələrin sayının artırılmasında məqsəd başqadır?
- Məqsəd var ki, edirlər. Elədirsə uşaq futbol departamenti, U-17, U-19 liqaları bağlansın, 4-5 nəfər gedib Rusiyadan və digər ölkələrdən oyunçular tapıb gətirsinlər. Bunlar belə olmasını istəyirlər? Bəyəm Azərbaycanda oyunçu yoxdur? İşlər şəxsi maraqlar platformasında gedir. Milli maraqlara uyğun iş görülmür. Nəticəsi də budur.

- Çıxış yolu nədədir?
- Futbolda düzgün iş getsə, böyük fərq yaratmaq olar. İndiyə qədər xərclənən pullarla Azərbaycan futbolu daha yüksəklərdə olmalı idi. Görün Lüksemburq haradadır? De Byazi və Obradoviç kimi məşqçilər yaxşı işlər gördüklərini deyirlərsə, bunu gedib öz ölkələrində də tətbiq etsinlər. Bütün futbol ictimaiyyəti narazıdır. Qurban Qurbanov millidə olanda irəliləyiş olacağına əməlli-başlı ümid var idi. Sərgilənən oyun da göstərirdi ki, hansısa sistem formalaşmaqdadır. Həmin il Millətlər Liqasındakı rəqiblərimizdən olan Kosovo da çox yaxşı vəziyyətdə idi.

- Deyilənə görə, AFFA yenə əcnəbi məşqçi axtarışındadır. Siz milliyə kimi məsləhət görərdiniz?
- Əsgər Abdullayevi. Onun məşqçilik istedadı çox yüksəkdir. Ona şərait yaratsınlar, istədikləri nəticəni verə bilər. Həmçinin Qurban Qurbanov da nəticə verə bilər. Bundan başqa, Nazim Süleymanov niyə kənarda qalmalıdır? Peşəkar yanaşma olarsa, Azərbaycan futbolu inkişaf edə bilər. Bu işə biznes nöqteyi nəzərdən yanaşmasınlar. Şəxsi maraqları bir kənara qoyub, futbolu düşünmək lazımdır. Kənardan məşqçi axtarmağa ehtiyac yoxdur. Qurban Qurbanov Millətlər Liqasında 9 xal yığanda hay-həşir saldılar. Halbuki qrupdan çıxmağa yaxınlaşmışdıq. Bilirsiniz, bəzi adamlar deyir ki, Azərbaycanda futbol yoxdur. Onlar böyük səhvə yol verir. Çox adam deyirdi ki, Azərbaycan ordusu zəifdir. Amma ordumuzun 44 gün ərzində göstərdiyi şücaəti bütün dünya gördü. Futbolda da uğur qazanmaq olar. Azərbaycan futboluna qarşı həmişə işləyənlər olub.

- Onlar kimlərdir?
- Onu bilirəm ki, elə bu gün də Azərbaycan futbolunun əleyhinə işləyənlər var. Həmin insanlar elə ölkə daxilindədirlər. Mənim futbol oynadığım dövrdə də belələri olub, təəssüf ki, indi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR