Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”

Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”

© APA | Qurban Qurbanov

# 15 sentyabr 2021 17:29 (UTC +04:00)


“İlk oyuna çıxacağıq. Biz həmişə qrupda oynamağı istəmişik. Bu, tam başqa turnirdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin I turunda “Bazel”lə keçiriləcək oyun öncəsi deyib.

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransı təşkil edən 49 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. İnanıram ki, sabah futbolçular ağıllı çıxış edəcək. Bunu onlara güvənərək deyirəm. Belə komandaya qarşı istəkli olmaq çox vacibdir”.

O bildirib ki, son vaxtlar İsveçrə futbolu tamam səviyyəyə çatıb: "Dünən "Yanq Boyz" "Mançester Yunayted"ə qalib gəlib. Bu ölkənin futbolu bizə tanışdır".

Qurbanov rəqib hücumçu Kabral haqda da danışıb: “Rəqib çox sürətli futbol oynayır və müdafiədən hücuma cəld çıxır. Biz analiz edəndə hər komandanın oyun sistemini analiz edirik. Daha sonra fərdi oyunçulara keçirik. Kollektiv oyun çox vacibdir. Həm hücumda, həm də müdafiədə bir-birimizə yaxın olmalıyıq. Futbolçularımız hər oyunçuya yaxın olacaq. Kabral cərimə meydançasında daha çox təhlükəlidir. Müdafiəçilərimiz onu yaxından tanıyacaqlar. İnanıram ki, hər oyunçu üçün yaxşı diqqət ayrılacaq".

Təcrübəli baş məşqçi "Neftçi" ilə qarşılaşmada çox güc sərf etdiklərini vurğulayıb: "Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm. Oyunçular meydan amilinə görə daha çox güc sərf etməli oldu. Bu gün komandada bir az yorğunluq var. Amma hər bir halda onların durumuna görə məşq proqramı qurmuşuq. Bizim sabah səhər də məşqimiz olacaq. Qrupdakı ilk oyunda yorğunluq haqqında çox düşünməməliyik. Bu bizim əlimizdə səbəb olmamalıdır. İllərdir bu rejimdə oynayırıq. Mikro zədəli futbolçular var. Sabah komandanın tam heyət olaraq matça hazır olacağına inanıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR