Qurban Qurbanov: “Omoniya"ya qarşı layiqli oyun göstərmək istəyirik”

Qurban Qurbanov

© APA | Qurban Qurbanov

# 24 noyabr 2021 12:03 (UTC +04:00)

“Bu il burada son oyunumuz olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin V turunda “Omoniya” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis kiprlilərlə sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib: “İki gündə yaxşı hazırlaşmışıq. Az vaxtımız oldu. Həm futbolçuların istəyi, həm də hazırlığı yaxşı səviyyədədir. Layiqli oyun göstərmək istəyirik. Nəticə önəmlidir, amma bunun üçün yaxşı çıxış etməliyik. Sabah ən yaxşı oyunlarımızdan birini göstərmək istəyirik. Rəqib barədə də xoş sözlər demək istəyirəm. Son vaxtlar oyun performansını yaxşılaşdırıblar, stillərini dəyişiblər. Bu, bizim üçün maraqlı olacaq. Çox sürətli hücumçuları var. Düşünürəm ki, sabah 90 dəqiqə meydanda çox diqqətli olmalıyıq”.

- Sonuncu oyun “Bazel”lə olacaq. Bütün bunları analiz etdikdə ən önəmli matçın bu olduğunu demək olar?
- İndidən baxsaq, hələ iki oyunumuz qalıb. Dəqiq deyə bilmərəm, amma bu, elə oyundur ki, nəticədən asılı olmayaraq, son turda hər şeyə aydınlıq gələ bilər. Təbii ki, “Bazel” “Kayrat”la görüşdə xal itirsə və biz qalib gəlsək, hər şey həll olacaq. Biz düşünürdük ki, “Kayrat”la burdakı oyun vacibdir, qalib gəldik. Sonra səfərdəki matçın daha vacib olduğunu düşünürdük. “Bazel”in “Omoniya” ilə matçının nəticəsindən sonra hamımız qrupdan çıxmağımızdan danışdıq. Arxayınlıq olduqda bunun qarşıdakı bir neçə oyuna təsiri olur. Mənim üçün “Bazel”lə görüş daha vacib olacaq, nəinki bu oyun. Hər rəqib fərqli hazırlaşır, ola bilər fərqli heyətlə çıxış edir. Futbolu dərindən təhlil etsək, 5-6 element bütün matçlarda təkrarlanır. Buna uyğun dəyişikliklər edə bilərik. Bu oyuna mən və komandam daha ciddi hazırlaşır. Bu, bizim üçün digər matçlardan daha vacibdir.

- Sizin oyun planınızda və heyətinizdə hansısa dəyişiklik gözlənilir?
- Deməzdim ki, hansısa dəyişiklik gözlənilir. Onsuz da, bütün oyunlarda cüzi də olsa dəyişiklik olur. Sistem olaraq oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq. Çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər.

- “Omoniya” bizə məlum olmayan heyətlə meydana çıxa bilər, bütün diqqətini Kipr çempionatına yönəldib. Ehtiyat oyunçuların özlərini göstərmək üçün ikiqat əzmlə mübarizə aparması sizə çətinlik yaratmaz?
- Rəqibin böyük dəyişiklik edəcəyini düşünmürəm. Oyunlarını təhlil edirik, hansı matçlarda neçə dəyişiklik etdiklərini bilirik. Həm çempionatda, həm də avrokuboklarda eyni sistemlə gedirlər, eyni formada rotasiyalar edirlər. 18-19 legionerləri var. Hücum xətti ilə bağlı müəyyən dəyişiklikləri olur. Onlar üçün də bu oyun vacibdir. Dəyişiklik etsələr də, futbolçularının səviyyəsi eynidir. Sadəcə, hücum planında sistemi dəyişiblər. Bu amil bizə problem yarada bilər. Buna hazır olmalıyıq. Rəqibin bütün oyunçularını futbolçularımıza tanıtdırmışıq. Hər hansı bir oyunçu meydana çıxsa da, bunun bizə çətinlik törədəcəyinə inanmıram. Bu tip komandalar xarakter göstərirlər. Biz də rəqiblə başabaş mübarizə üçün xarakter nümayiş etdirməliyik.

- İsmayıl İbrahimli son 5 oyunda meydana çıxmır. Ona şans verməyi düşünürsünüz?
- İsmayıl öz formasını bərpa edib. Sadəcə, oyun praktikası çatmır. Uyğun olduqda yavaş-yavaş oynamasını istəyirəm. Oyunun gedişatına baxacağıq. Düzdün dəyişiklik lazım olduğu anda İsmayılı meydana buraxmağı düşünürük.

- Bu heyət pley-off üçün yetərlidir, yoxsa qış fasiləsində transfer nəzərdə tutulubmu?
- Futbolçu tapmasam, bu heyət yetərlidir. Oyunçulara həddən artıq güvənirəm. Çox gözəl kollektivimiz, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istərdim. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək istəyirəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir. Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönənmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum gücümüzlə mübarizə aparmaq gücündəyik.

- Komandanız hər turnirdə mübarizə aparır. Əsas çətinliyiniz nədir?
- Fərqli turnirlərdir. Çətinlik deməzdim. Futbolçuların təcrübəsi artıb. Sadəcə, fərqli psixoloji hazırlıq olur. Çempionatda az, avrokubokda çox azarkeş gəlir. Buna köklənmək çətin olur. Azarkeş sayı yorğun olduğu halda futbolçuya motivasiya verir. Amma çox azarkeş görməyəndə köklənməkdə çətinlik yaranır. Eyni zamanda meydançaların durumunu da qeyd etmək lazımdır. Bəzən heyətdə 3-4 rotasiya etməli oluruq. Bəzən əvəzləmə sayı az olur, 5 oyunçu meydana buraxmaq istəmişəm. Futbolçular bu rejimə öyrəşiblər. Bu ay bizim üçün çətin olmayacaq. Çünki milli komandanın oyunları yoxdur. Bu hissədə matçlara hazırlaşmaqda elə çətinliyimiz olmamalıdır. Baxmayaraq ki, futbolçular ilin sonunda evə getməyi fikirləşir. Mənim üçün çətin odur ki, futbolçular evi fikirləşməsinlər.

- Bütün komandalarımız Kiprə səfəri zamanı təxribatla üzləşib. Bu amil sizə rəqibə daha çox qol vurmaq, qalib gəlmək baxımından əlavə motivasiya vermir?
- Belə hallar futbolçuları daha mübariz etməyə gətirib çıxarır. Belə bir fikir yoxdur ki, mütləq 3-5 qol vurmalıyıq. Amma oyunçuların xarakterinin dəyişməsinə fayda olur. Azarkeşlərin çılğınlığı normaldır. “Lion” – “Marsel” oyununda da bu tip hadisə yaşandı. Bunlar normal haldır. Təxribat isə fərqlidir. Bizə qarşı başqa təxribatlar olub. Belə hallar mənim futbolçularımı, əksinə daha motivasiyalı edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR