Samir Abasov: “HİK-lə matçın çətinliyini anlayırıq”

Samir Abasov: “HİK-lə matçın çətinliyini anlayırıq”
# 11 avqust 2021 19:45 (UTC +04:00)

“Düşünürəm ki, iki fərqli üslubda oynayan komanda qarşılaşacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

43 yaşlı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin HİK-lə Finlandiyada keçiriləcək cavab oyununa həsr olunan mətbuat konfransına qatılıb. O, sabahkı görüş barədə fikirlərini açıqlayıb: “Biz topla oynamağı sevirik. Əks-hücumda oynayan komanda ilə görüşəcəyik. İlk oyunda da bunu gördük. Sabah süni örtükdə oynayacağıq. Sezar Meza Kolli var. O belə meydanlara hazırlıqlıdır. Bura niyə gəldiyimizi bilirik. 2:2 xeyrimizə olmasa da rəqibin məşqçisi sərfəli nəticədən danışırdı. Hər şey sıfırdan başlamalıdır. Yenidən döyüşməliyik, əlimizdən gələni etməliyik. Tam motivasiya ilə hazırlaşıb yaxşı nəticə ilə dönmək istəyirik”.

Abasov təzyiqin olmadığını qeyd edib: “Təzyiq yoxdur. Bu barədə düşünsək, çətinlik onda olar. Sabah hər şey edəcəyik. Matçın çətinliyini anlayırıq. İlk görüşdə də onlar bizə çətinlik yaratmışdı. Çox məsələlərə aydınlıq gələn oyuna qayğılarla yanaşmaq düzgün deyil. “Olimpiakos”la da, HİK-lə də bu heyətlə oynamışıq. Hər şeyi kənara qoyub, təkcə özümüzü deyil, Azərbaycanı təmsil etdiyimizi düşünərək meydana çıxmalıyıq”.

Mütəxəssis Finlandiya çempionunun “Neftçi”yə lazımi şərait yaratmamasından narazı qalıb: “Bizə hər şərait yaratsaydılar, otelin qabağında meydan yaratsaydılar yaxşı olardı. Biz elədiklərimizin qabağında bu heçə bərabərdir. Biz qonaqlar üçün hər şey edirdik. Təəssüf ki, bizə şərait yaratmadılar. Bu, oyuna təsir etməyəcək”.

Abasov Türkiyə “Bursaspor”una keçəcəyi gündəmdə olan Namik Ələskərov barədə də danışıb: “Namik Türkiyəyə getdi. Gələndən sonra bizimlə məşq etməsi proqramda yox idi. Fərdi məşqlər etməli idi. Bura gəlməməsi zədəsi ilə bağlıdır. Onun transferi barədə klub Bakıya qayıtdıqdan sonra məlumat veriləcək. Namikə yeni müqavilə təklif olunmuşdu. Onun anlaşmasındakı şərtlərdən istifadə edib belə vaxtda qərar vermək oyunçuya aid olan məsələdir. Futbolçu ilə bəndlər, müqavilələr mənə aid deyil. Namikə təklif gəlməsi normaldır. Çempionatın bombardiri olub”.

Mütəxəssis Huqo Bastanın durumundan da danışıb: “Koronavirusa yoluxduğu üçün bir həftədən çoxdur bizimlə məşq etmir. Onun testi müsbət çıxıb. Biz Bastanı komandadan kənarlaşdırmışıq”.

Qeyd edək ki, sabah Helsinkidə baş tutacaq HİK - “Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR