Samir Ələkbərov: “AFFA de Byazini yola salsa, daha yaxşı olar”

Samir Ələkbərov: “AFFA de Byazini yola salsa, daha yaxşı olar”
# 02 dekabr 2021 11:52 (UTC +04:00)

“AFFA de Byazini yola salsa, daha yaxşı olar”.

Bunu apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Samir Ələkbərov deyib.

53 yaşlı mütəxəssis AFFA İcraiyyə Komitəsinin hazırda davam edən iclasında çıxacaq qərarla bağlı fikirlərini bölüşüb. Millimizin sabiq hücumçusu Canni de Byazi ilə yeni müqavilə imzalanmasına qarşıdır. Onun fikrincə, yerli mütəxəssis təyin olunmalıdır: “Millinin nəticələrini bir kənara qoyaq, de Byazinin rəhbərliyi altında heç normal oyun da görmədik. Mən həmişə yerli mütəxəssis tərəfdarı olmuşam. İstənilən yerli məşqçi seçmə mərhələdə de Byazi kimi, 1 xal yığa bilərdi. Bəlkə daha çoxunu bacarardı. Əcnəbi məşqçi gələndə bütün sistem dəyişir. Yığma istənilən yerli məşqçi ilə bundan yaxşı çıxış edər. Mənim üçün adın fərqi yoxdur, əsas odur ki, yerli olsun. Belədə heç olmasa 10 azərbaycanlı ailəsi də yaxşı yaşayar”.

Ələkbərov yenidən əcnəbi gətirilməsi variantına da toxunub. O, bununla bağlı öz məsləhətini verib: “Bu yaxınlarda millimizlə yoldaşlıq görüşü keçirən Qətər yığmasının baş məşqçisi bizimkilər üçün nümunə olmalıdır. Onların baş məşqçisi Feliks Sançes uzun illərdir oradadır, necə kollektiv düzəltdiyini də hər birimiz gördük. Üstəlik, Qətərin aşağı yaş qrupu yığmalarından başladı, əsas milliyə qədər yüksəldi. Sançesi heç kim tanımırdı, uşaq futbolundan gəlmişdi. AFFA mütləq əcnəbi təyin edəcəksə, bu cür məşqçi gətirsin ki, ortaya iş qoya bilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR