“Səbail”in baş məşqçisi: “Hakimləri robot kimi yox, düzgün idarə edən insan kimi yetişdirmək lazımdır” - MÜSAHİBƏ

Aftandil Hacıyev

© APA | Aftandil Hacıyev

# 01 noyabr 2021 16:34 (UTC +04:00)

“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının IX turunda “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olduğunuz oyundan sonra qeyri-etik ifadə işlətdiyiniz üçün qırmızı vərəqə almısınız. Təhqiramiz ifadə işlətmisiniz?
- Bilirsiniz, bizə qarşı edilən səhvləri sözlə deyirik, reaksiya göstərmirlər, poçt vasitəsilə yazırıq, Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik cavabsız qoyur. Hər turdan sonra ona bildiririk ki, bu cür hakim səhvləri bizi çətin vəziyyətə salır. Bir tur əvvəl “Qarabağ”la matçda Yurgen Qoxaya göstərilən sarı vərəqə gülməli idi. O da buna görə cəzalı duruma düşmüşdü. Şəxsən mən futbolda belə sarı vərəqə görməmişəm. “Keşlə” ilə görüşdə hesab 0:0 olarkən Kamran Ağayevin ayağı xətdən kənara çıxsa da, top xəttin üstündə idi. Cərimə zərbəsi təyin etdilər, qapımıza qol vuruldu. Həmçinin dünən də nəticəyə birbaşa təsir edən kobud səhvlər oldu. Hakimlərlə də normal danışanda cavab vermirlər. Bilmirəm dillərini necə tapaq. Sadəcə, oyundan sonra soruşmaq istəyirdim ki, niyə birtərəfli idarəçilik edirsən? Axı hamı görür ki, ofsayd yoxdur. Ard-arda səhvlər məni artıq bezdirib. Buna görə də səbir etmək çətindir. Görüşdən sonra da fikrimi kobud şəkildə dedim. Çünki bizə başqa çarə buraxmırlar. Normal tonda danışırsan, robot kimi cavab vermirlər. Kobud səhvə də kobud şəkildə reaksiya göstərməyə məcbur qalırıq.

- Baş hakim Fərid Hacıyevin konkret olaraq hansı qərarlarından narazısınız?
- Ofsayd olmayan epizodda Höccət Haqverdi penaltilik hərəkət edir, hakim ofsayd qeydə alır. Referi həmin epizodu düzgün qiymətləndirsəydi, Nikolas Raysellə insident zamanı Höccət ikinci sarı ilə meydandan qovulmalı idi. Bunlar birbaşa nəticəyə təsir edən səhvlərdir.

- Nikolas Raysellə Höccət Haqverdi arasında yaşanan qalmaqalın təkrarına yəqin ki, baxmısınız. Hakimin orada səhvi nədə idi?
- Hakim ümumilikdə oyunun balansını itirmişdi. Ofsayd epizodunda penaltini təyin edib, Höccətə sarı vərəqə verilsəydi, insident zamanı təkcə Rayselə birbaşa qırmızı vərəqə göstərməsini qəbul edərdim. Çünki Höccət də ikinci sarı ilə meydanı tərk edəcəkdi. Birinci hissədəki həmin epizodda o səhvi etmisənsə, ikinci hissədə balansı qorumalısan. Əksinə, bizi yenə cəzalandırdı, meydanda azlıqda qoydu. Bu dərəcədə də olmaz. Hakim fasilədə bilməli idi ki, o epizodda kobud səhvə yol verib. Əgər bir komandanın əleyhinə yanlış qərar vermisənsə, ikinci hissədə bunu nəzərə almalısan. Rayselə qırmızı vərəqə göstərmisənsə, Höccəti də meydandan qovmalısan. Çünki birinci epizodda ofsayd qərarı ilə Höccətin sarı vərəqə almasının qarşısını almısan. Həm də Raysel kəllə atanda birinci Höccət şığıyır, insidenti o yaradır. Bu dərəcədə birtərəfli idarəçilik olmaz.

- Bu mövsüm həm siz, həm Ayxan Abbasov, həm də Rəşad Sadıqov bir neçə dəfə hakimlikdən şikayət etmisiniz. Hakimlərin səviyyəsi bu qədər aşağı düşüb?
- Hakimləri robot kimi yox, düzgün idarə edən insan kimi yetişdirmək lazımdır. Söhbət eləmək, irad bildirmək olmur, dərhal qırmızı vərəqə verirlər. Baş məşqçilərin əvvəlki hakimlərlə normal münasibəti var idi. İndi heç xətti tapdalamaq da olmur. Bu qədər də olmaz. Yenə səhvsiz idarəçilik etsələr, dərd yarı. Ardıcıl kobud səhvlər edə-edə hələ baş məşqçiləri də cəzalandırırlar. Gedişatın yaxşı olacağı görünmür. Turdan-tura səhvlərini artırırlar.

- AFFA İntizam Komitəsinin növbəti iclasında çox güman ki, bir neçə oyunluq cəzalandırılacaqsınız. Texniki zonada yer almamağınız komandaya mənfi təsir etməyəcək?
- Səhvlər düzəlməyəcəksə, mənim orada olub-olmamağımla heç nə dəyişməyəcək. Təki mən olmayım, səhvlər düzəlsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR