Şenol Günəş: "Düşündüyümüzün tam əksi oldu"

Şenol Günəş: "Düşündüyümüzün tam əksi oldu"
# 20 iyun 2021 22:23 (UTC +04:00)

"Üzgünük. Bu turnirin uzun müddətdir gözləyirdik".

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO-2020-nin qrup mərhələsinin son turunda Bakı Olimpiya Stadionunda İsveçrə ilə keçirilən oyundan sonra deyib.

A qrupunda yer alan "ay-ulduzlular" İtaliya və Uelsin ardından İsveçrəyə də məğlub olaraq (1:3) turnirdəki çıxışını xalsız başa vurub.

Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Günəş uğursuz çıxışı belə əsaslandırıb: "Özümüzü göstərmək, yaxşı nəticə gözləyirdik. Qrupdan çıxmaq bizim üçün hədəf idi. Pis başladıq. Bu gün daha yaxşı başladıq. Amma qollar buraxdıq. Azarkeşlərimiz bizdən çox şey gözləyirdi. Amma bunu doğrulda bilmədik. Uelsə qarşı oyunla müqayisədə bu gün daha yaxşı idik".

Mütəxəssis daha yaxşı nəticəyə ümidli olduğunu bildirib: “Düşündüyümüzün tam əksi oldu. Bu gün toparlanmalı idik. Amma qol vura bilmədik. Qarşılaşmada uduzan biz olduq. İsveçrənin də istedadlı oyunçuları var. Qalib gələ bilərdik. Həm Uelslə, həm İsveçrə ilə görüş İtaliya ilə matçın kölgəsində qaldı. Futbolçular da üzgündür. 1/8 finala çıxmalı idik. Lakin bacarmadıq. Bu turniri belə keçirmək məyusedicidir”.

Günəş uğursuzluğa səbəb göstərməkdə çətinlik çəkib: “1:2-dən sonra hücumlar gözləyirdik. Amma qol buraxdıq. Xal ala bilmədik. Komandamız gəncdir. Onlara güvənirəm, inanıram. Burda nə desək, düz olmaz. Təcrübə çatmadı. Futbolçulara təşəkkür edirəm. Onların gələcəyi parlaqdır. Daha yaxşı milli komandamız olacaq. Oynadığımız uğurlu matçlar arxada qaldı. Buraya gələndən sonra onların əhəmiyyəti yoxdur. Bundan dərs almalı, təcrübə qazanmalıyıq. Daha çox çalışmalıyıq. Komanda uğur qazana bilmədi, gözləntiləri doğrultmadı”.

O, istefa ilə bağlı düşünmədiyini deyib: “Qarşıda dünya çempionatının seçmə mərhələsi var. Mən raportumu sizə yox, federasiyaya verəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR